“Azərmaş Group” MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları 15 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) hərraca çıxarılacaq.
Hərrac rəqabətli üsulla keçiriləcək. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək.
İstiqrazların illik gəlirlilik faizi 13%, tədavül müddəti isə 3 ildir. Faiz ödənişləri hər üç aydan bir həyata keçiriləcək.
Emitent istiqrazları vaxtından əvvəl geri almaq hüququna malikdir. Belə ki, buraxılışın 27-ci, 30-cu, 33-cü və 36-cı aylarında hər dəfə 2,5 milyon manatlıq istiqrazların geri alınması nəzərdə tutulur.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, BFB-nin Listinq Komitəsinin 23 sentyabr 2026-cı il tarixli qərarı ilə istiqrazların ticarətə buraxılmasına icazə verilib. Emissiya prospektinin qüvvədə olma müddəti 21 oktyabr 2026-cı ildə başa çatacaq.
Məlumat üçün deyək ki, “Azərmaş Group” 24 yanvar 2019-cu il tarixində dövlət qeydiyyatından keçib. Cəmiyyətin əsas fəaliyyəti əsasən avtomobillərin satışından ibarətdir. Cəmiyyət avtomobilləri xarici təchizatçılardan tədarük edir. Nizamnamə kapitalı 3 milyon 10 manat olan “Azərmaş Group”un səhmlərinin 100%-i “Azərmaş” ASC-yə məxsusdur və direktoru Rövşən Adıgözəlovdur.
“Azərmaş” ASC-nin isə, nizamnamə kapitalı 4 min manat, qanuni təmsilçisi isə, Emin Axundovdur. “Azərmaş Group”un isə, nizamnamə kapitalı 3 milyon 10 manat, qanuni təmsilçisi isə, Rövşən Adıgözəlovdur.


