Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Onlardan biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, səfər çərçivəsində keçirilən görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. “Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Baş nazir Məhəmməd Şahbaz Şərifin rəsmi səfəri isə əlaqələrin inkişafına böyük təkan verəcək.


