2022-ci il ərzində aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliyi səbəbindən ARDNF-nin vəsaitlərinin idarə edilməsindən 2 milyard 461,3 milyon ABŞ dolları (4 milyard 184,21 milyon manat) azalma müşahidə olunmuşdur. Hesabat ilində ARDNF-nin investisiya portfelinin gəlirliliyi -5,2% təşkil etmişdir. Buna Azərbaycanın Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlmişdir. Ümumi portfelin 62,1% və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6% və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilmişdir. Portfelin 6,2% və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1% və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil etmişdir.
Bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.
Hesabatda bildirilir ki, ötən il Fondun investisiya gəlirləri olmayıb, əksinə investisiyaları üzrə 2 milyard 461,3 milyon ABŞ dolları (4 milyard 184,21 milyon manat) itki ilə üzləşib.
Qeyd edilib ki, 2022-ci ildə ARDNF-nin sabit gəlirli qiymətli kağızlara investisiyalarının gəlirliliyi mənfi (-) 3,8% təşkil etmişdir. Faizlərin ilkin səviyyələrinin aşağı olması və onların qlobal maliyyə böhranından bəri görünməmiş həddə artımı istiqrazların böyük dəyər itirməsinə səbəb olmuşdur. (Marja.az)


