İki il əvvəl Qarabağın tacı Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsi bu günkü fəaliyyət üçün yol xəritəsi oldu. İki dost ölkə arasında gündən-günə möhkəmlənən münasibətlər, birgə həyata keçirilən layihələr, həmrəyliyimiz, qardaşlığımız hər zaman örnək göstərildi.
Bu fikirləri BAKU.NEWS-a YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib.
15 İyun Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ərəfəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş Azərbaycana dövlət səfərininin gerçəkləşməsi rəmzi məna daşıyır. Türkiyə və Azərbaycanı rəsmən müttəfiq edən Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da inkişaf etdirilməsinə zəmin yaradıb. Sevindirici haldır ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Türkiyə ilə Azərbaycan dövlətlər arasında ticarət dövriyyəsi də sürətlə artaraq, 6 milyard dollara yaxınlaşıb.
Sevincli gündə olduğu kimi kədərli günlərdə də bir-birinin yanında olan Azərbaycan-Türkiyə birliyi hər gün bir daha zəfər çalır. Hər zaman gücümüzə güc qatan Türkiyənin dəstəyi bir daha göstərir ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Əsas məqsədlərinin regionda sülhün bərqərar olması olan qardaş ölkənin prezidentlərinin mətbuata verdikləri bəyanatları bir daha göstərdi ki, dünya neçə-neçə belə Türkiyə-Azərbaycan qardaşlığını təsdiq edən tarixi hadisənin şahidi olacaq – deyə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib.
C.Quliyev


