Bu il oktyabrın 1-nə “Atəşgah Sığorta” ASC-nin məcmu kapitalı illik müqayisədə 13% artaraq 11 milyon 825,5 min manat təşkil edib.
BAKU.NEWS bu barədə Redaksiya-ya istinadən xəbər verir.
Hesabat dövründə şirkətin ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi də 13% artaraq 11 milyon 419,1 min manata çatıb. Nəticədə şirkətin kapital buferi 406,4 min manat təşkil edib. Bu isə tələb olunan kapitalın cəmi 3,6%-nə bərabərdir.
Qeyd edək ki, sığorta şirkətləri üçün minimum kapital tələbi 5 milyon manat olsa da, onların fəaliyyətinin həcmi və risk göstəricilərindən asılı olaraq tələb olunan kapitalın məbləği dəyişir.
Son bir ildə “Atəşgah Sığorta”nın ümumi öhdəlikləri 19% artaraq 62,5 milyon manata, sığorta ehtiyatları isə 22,2% artaraq 58,5 milyon manata çatıb. Şirkətin hesablanmış sığorta haqları isə 41,4% artaraq 69 milyon manata yaxınlaşıb.
Beləliklə, şirkətin fəaliyyətinin genişlənməsi fonunda kapital tələbi də yüksəlib. Məcmu kapitalın artmasına baxmayaraq, şirkətin tələb olunan kapitaldan əlavə ehtiyatının nisbi səviyyəsi demək olar ki, dəyişməyib.
Hazırda “Atəşgah Sığorta” kapital normativini yerinə yetirsə də, gələcəkdə kapital tələbinin məcmu kapitaldan daha sürətlə artması şirkətin əlavə kapitala ehtiyacını yarada bilər.
Qeyd edək ki, “Atəşgah Sığorta” ASC 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 5 milyon 8,5 min manat təşkil edir. Onun səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.


