Azərbaycan Mərkəzi Bankı bank sektorunda model risklərini əsas nəzarət prioritetləri sırasına daxil edəcək.
Bunu AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qeyri-dəqiq və ya yanlış tətbiq edilmiş riyazi və süni intellekt modelləri bankların maliyyə itkiləri, yanlış idarəetmə qərarları və reputasiya riskləri ilə üzləşməsinə səbəb ola bilər.
AMB rəsmisi qeyd edib ki, süni intellektdən yalnız xərcləri azaltmaq və insan əməyini tamamilə əvəz etmək məqsədilə istifadə olunması sistem risklərinin yığılmasına şərait yarada bilər. Bu səbəbdən model riskləri kredit və əməliyyat riskləri ilə yanaşı, Mərkəzi Bankın əsas nəzarət prioritetləri sırasında yer alacaq.
Əliyar Məmmədyarov onu da deyib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2027–2030-cu illər üçün maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı üzərində işləyir. Proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir.


