Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Lipid Məktəbi – Dislipidemiyaların idarə olunmasında müasir strategiyalar” adlı elmi-praktik tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, kardioloqlar və digər tibb mütəxəssisləri iştirak ediblər.
Açılışda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev ürək-damar xəstəliklərinin profilaktikasında dövlət siyasətinin rolundan danışıb. O, risk amillərinin vaxtında müəyyənləşdirilməsinin və profilaktik tədbirlərin həyata keçirilməsinin səhiyyə sisteminin prioritetlərindən biri olduğunu qeyd edib.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova çıxışında dislipidemiyaların erkən aşkarlanmasının, lipid göstəricilərinə nəzarətin və müasir müalicə üsullarının tətbiqinin ürək-damar xəstəliklərinin ağırlaşmalarının qarşısının alınmasında əhəmiyyətini vurğulayıb.
“Ürək-damar xəstəlikləri ilə mübarizədə uğurlu nəticə əldə etmək üçün yalnız xəstəliyin mövcud mərhələsində müalicə aparmaq kifayət deyil. Risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, onların düzgün idarə olunması və müasir tibbi yanaşmaların tətbiqi xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır”.
Tədbirdə Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxış edib.
Elmi proqramda dislipidemiyaların diaqnostikası, lipid göstəricilərinin qiymətləndirilməsi, aterosklerozun inkişaf mexanizmləri və müasir lipidazaldıcı müalicə üsulları müzakirə olunub. İnfarkt və insult riskinin azaldılmasına, eləcə də artıq ürək-damar hadisəsi keçirmiş pasiyentlərdə təkrar hadisələrin profilaktikasına xüsusi diqqət yetirilib. Mütəxəssislər beynəlxalq tövsiyələrin gündəlik klinik praktikada tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparıblar.
Tədbirin xüsusi qonağı, Everest zirvəsinə çıxan ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva zirvəyə gedən yolda qarşılaşdığı çətinliklərdən, hazırlığın və əzmin məqsədə çatmaqda rolundan danışıb.

















