Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bir sıra problemlərin yaşandığı bildirilir. Klinikada tibbi xidmətin keyfiyyəti, texniki avadanlıqların fəaliyyəti və həkimlərin əməkhaqlarının ödənilməsi ilə bağlı narazılıqlar var.
Məlumata görə artıq 7 aydır ki, klinikada istifadə olunan KT, MRT və angioqrafiya aparatı tam işlək vəziyyətdə deyil.
Angioqrafiyanın fəaliyyəti isə gah bərpa olunur, gah da yenidən dayanır.
Bu isə ürək-damar xəstəliklərindən əziyyət çəkən və angioqrafik müayinəyə ehtiyacı olan pasiyentlər üçün əlavə çətinliklər yaradır. Xəstələr vacib müayinələr üçün başqa tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalır. Belə bir vəziyyətin uzun müddət davam etməsi isə haqlı suallar doğurur.
Bundan başqa, klinikada idarəetmə ilə bağlı da narazılıqların olduğu bildirilir. İddialara görə, müəssisədə özbaşınalıqlar hökm sürür, xidmət səviyyəsi isə əvvəlki dövrlə müqayisədə xeyli aşağı düşüb.
Problemlər bununla da bitmir. Bildirilir ki, klinikanın həkimləri may ayı üzrə əməkhaqlarını yalnız bu ay ala biliblər. Maaşların aylarla gecikdirilməsi tibb işçilərinin narazılığına səbəb olmaqla yanaşı, onların maddi vəziyyətinə də mənfi təsir göstərir.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq ATU Tədris Cərrahiyyə Klinikasından bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.
Rəsmi açıqlamada qeyd olunub ki, hazırda klinikada KT və MRT cihazları işlək vəziyyətdədir. Rəsmi qurum açıqlamasını təsdiqləmək məqsədilə sözügedən cihazların fotoşəkillərini də redaksiyaya təqdim edib.
Həmçinin bildirilib ki, əməkdaşların əməkhaqları, eləcə də həkimlərə ödənişli tibbi xidmətlərə görə nəzərdə tutulan bonuslar tam şəkildə ödənilib.
Qeyd edək ki, klinikanın rəsmi cavabında angioqrafiya aparatının fəaliyyəti ilə bağlı iddialara ayrıca münasibət bildirilməyib.
Klinikanın rəsmi açıqlamasından sonra məsələni yenidən araşdırdıq. Müəssisə daxilindəki mənbənin Bizim.Media-ya verdiyi məlumata görə, KT, MRT və angioqrafiya aparatları ilə bağlı problemlər aradan qaldırılmayıb. Bildirilir ki, avadanlıqlar nasaz vəziyyətdə olduğundan tam gücü ilə fəaliyyət göstərmir. Nəticədə pasiyentlər müayinələr zamanı çətinliklərlə üzləşir, bəzi hallarda isə başqa tibb müəssisələrinə üz tutmalı olurlar.
Əməkhaqqı məsələsi ilə bağlı da klinikanın rəsmi açıqlaması ilə redaksiyaya daxil olan məlumatlar arasında ciddi ziddiyyət var.
Belə ki, mənbənin iddiasına görə, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən həkimlərə sonuncu dəfə yalnız may ayının əməkhaqqı ödənilib. İyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə maaşların isə hələ də verilmədiyi bildirilir.
Bizim.Media


