Hər bir dahi şəxsiyyətin fəaliyyətində qazandığı uğurların təməlində onun ailəsinin böyük rolu vardır. Bu mənada Ümummilli lider Heydər Əliyevin ailəsində olan yüksək mənəvi dəyər və xüsusiyyətlər Onun uğurlarının bünövrəsini təşkil edən əsas amillərdəndir. Zərifə xanım Əliyevanın dahi şəxsiyyət Heydər Əliyevin ideyalarının reallaşmasında verdiyi mənəvi dəstək onun timsalında əsl Azərbaycan qadını obrazını gözlər önünə sərir.
Bütün bu elmi-pedaqoji və tibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş ana, mehriban ömür-gün yoldaşı kimi də qürurla anılır. Ulu Öndər Heydər Əliyev özünün qızğın siyasi fəaliyyətində onunla çiyin-çiyinə çalışmış Zərifə Xanım Əliyevanın xatirəsini həmişə ehtiramla yad edərək qeyd edirdi ki, “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər.
Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.” Zərifə xanım sadəliyi, nəcibliyi ilə indi də onu tanıyanların yaddaşında xoş xatirələrlə yad edilir. Görkəmli akademik Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanıma bu ziyalılıq heç şübhəsiz aldığı tərbiyədən irəli gəlirdi. Zərifə xanım Əliyeva, həm də şəfalı həkim kimi insanlara ziya, nur vermək kimi ağır bir vəzifəni daşıdı bir ömrü boyu. O, savadı, xarakteri, insanlara qarşı insani münasibətilə sözün əsl mənasında nümunəvi bir Azərbaycan xanımı idi. Zərifə xanım eyni zamanda yaşadığı həyat yolu ilə əsl sədaqət simvoluna çevrilib. SSRİ-nin mürəkkəb bir dövründə böyük siyasi vəzifə daşıyan, Ulu Öndər üçün əsl mənəvi güc, qüvvət mənbəyi idi Zərifə xanım.
Məhz bu iki dahi şəxsiyyət çoxəsrlik tariximizin ən mürəkkəb problemini öz zəkası, qətiyyəti ilə həll edən Müzəffər Prezidentimiz cənab İlham Əliyevi yetişdirib xalqımıza bəxş ediblər. Çoxəsrlik tariximizin ən şanlı səhifələrinin yazıldığı son illər heç şübhəsiz Azərbaycanın qızıl dövrü kimi xatırlanacaqdır. Tarixi Zəfərin simvolu sayılan qədim Şuşanın düşməndən azad edildiyi gün cənab İlham Əliyev bu ifadəni işləti; “Xoşbəxt adamam ki , ata vəsiyyətini yerinə yetirdim”. Kifayət qədər dərin məna kəsb edən bu sözlər cənab İlham Əliyevin valideynlərinə verdiyi dəyərin bariz nümayişidir.
Əlifağa İsgəndərli;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı


