AVRO-2020-nin B qrupunun Danimarka – Finlandiya matçı ilə bağlı qərar açıqlanıb.
BAKU.NEWS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən – 41-ci dəqiqədən davam etdiriləcək.
Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq. 5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.
*Saat 21:34
UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.
BAKU.NEWS xəbər verir ki, qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.
Qarşılaşma ilə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi vurğulanıb.
Danimarka Futbol Federasiyası isə təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.
*Saat 21:23
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçı təxirə salınıb.
BAKU.NEWS-un məlumatına görə, buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.
*Saat 21:00
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçında xoşagəlməz hadisə baş verib.
BAKU.NEWS-un məlumatına görə, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.
İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb.
Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.
Qarşılaşmada hesab açılmayıb.







