Bakıda təcili tibbi yardım mərkəzinin sürücüsü Kərim Rəşidzadənin işdən çıxarılması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşıb.
K. Rəşidzadə həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB), həm də “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə bağlı Yasamal Rayon Məhkəməsinə üz tutub.
İş materiallarına əsasən, iddiaçı K.Rəşidzadə 2013-cü ildə BBSİ-nin ehtiyat qrupunda 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilib. TƏBİB-in Müşahidə Şurasının 2023-cü il tarixli qərarı ilə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” yaradıldıqdan sonra o, 2024-cü ildə həmin mərkəzin “Mərkəzi Qaraj” şöbəsində 2-ci dərəcəli sürücü vəzifəsinə keçirilib.
Mübahisə iddiaçının xidməti davranışı ilə bağlı işəgötürənə daxil olan məlumatlardan sonra yaranıb.
Cavabdeh təşkilatın bildirdiyinə görə, aparılan araşdırma zamanı sürücünün növbədə olduğu müddətdə ona təhkim edilmiş xidməti avtomobildə çəkilişlər apardığı və “TikTok” sosial şəbəkəsində paylaşdığı videolarda qeyri-etik ifadələr işlətdiyi müəyyən edilib. TƏBİB həmçinin K.Rəşidzadnin mərkəzin həkimi G.Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına səbəb olduğunu bildirib.
Bundan başqa, iddiaçının üzərində “Tütün çəkmək qadağandır” xəbərdarlığı olan, oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə etdiyi və həmin görüntüləri sosial şəbəkədə paylaşdığı qeyd olunub.
TƏBİB tərəfindən 2025-ci ildə aidiyyəti quruma göndərilən xidməti məruzədə də sürücünün bu hərəkətləri nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələblərini pozduğu bildirilərək, inzibati xəta haqqında icraatın başlanması üçün materialların Daxili İşlər Nazirliyinə göndərilməsi məsələsinə baxılması xahiş edilib.
K.Rəşidzadə isə işəgötürənin əmrinə qarşı məhkəməyə müraciət edərək işdən çıxarılmasının qanunsuz olduğunu bildirib. O, iddia ərizəsində əmrdə göstərilən halların həqiqəti əks etdirmədiyini qeyd edib. Kərim Rəşidzadə Qaradağ Təcili Tibbi Yardım Stansiyasının həkimi G.Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkmədiyini və paylaşmadığını bildirib.
Sürücünün sözlərinə görə, ona qarşı irəli sürülən iddialar N.Quliyevanın şəxsi qərəzindən qaynaqlanıb. O, N.Quliyevanın özü və həyat yoldaşı barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığını, bu yolla onları kollektivdə nüfuzdan salmağa çalışdığını iddia edib.
K.Rəşidzadə həmçinin bildirib ki, həmin şəxs onun barəsində rəhbərliyə həqiqətə uyğun olmayan məlumatlar çatdırıb, nəticədə şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna xələl dəyib. Onun sözlərinə görə, əvvəllər barəsində töhmət verilməsi ilə bağlı əmr ona təqdim edilmədən başqa şəxsə verilib.
K.Rəşidzadə işinə həmişə məsuliyyətlə yanaşdığını, 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Fəxri Fərman”larla təltif olunduğunu da qeyd edib. O, işəgötürənin hərəkətlərinin özünün və ailəsinin hüquqlarını pozduğunu vurğulayıb.
Cavabdeh təşkilat iddiaya etirazında bildirib ki, sürücünün davranışı ilə bağlı daha əvvəl də xidməti araşdırma aparılıb. İşəgötürənin mövqeyinə görə, həmin araşdırmanın nəticəsində Kərim Rəşidzadəyə 2024-cü ildə qeyri-etik ifadələr işlətməsi, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi və əmək intizamını kobud şəkildə pozması səbəbindən töhmət verilib.
Həmçinin cavabdeh sürücünün qadağan olunmuş yerdə tütün məmulatından istifadə etməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi üzrə 30 manat məbləğində cərimə olunduğunu bildirib.
İşəgötürən hesab edib ki, K.Rəşidzadənin hərəkətləri əmək və icra intizamının tələblərinə zidd olub və müəssisənin nüfuzuna xələl gətirib. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.
Yasamal Rayon Məhkəməsi işə baxarkən tərəflərin dəlillərini və təqdim olunan materialları araşdırıb. Məhkəmə müəyyən edib ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsə də, cavabdeh onun hərəkətləri nəticəsində iş yerində əmək və icra intizamının normal ahənginin pozulmasını və ya işəgötürənin, əmək kollektivinin, yaxud onun ayrı-ayrı üzvlərinin hüquq və qanunla qorunan mənafelərinə ziyan dəyməsini təsdiqləyən konkret faktlara istinad etməyib.
Məhkəmənin sorğusuna baxmayaraq, cavabdeh işçinin vəzifədən azad edilməsi barədə əmrin verilməsinə əsas olmuş sənədləri və əmək müqaviləsinə xitamla əlaqədar həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarını da təqdim etməyib.
Eyni zamanda məhkəmə cavabdehin K.Rəşidzadənin qeyd olunan pozuntuları törətməsini və inzibati xəta ilə bağlı məsuliyyətə cəlb olunmasını təsdiqləyən sübutları işə əlavə etmədiyini vurğulayıb.
Nəticədə Yasamal Rayon Məhkəməsi iddianı təmin edərək işəgötürənin 2025-ci il tarixli əmrinı ləğv edib, K.Rəşidzadənin əvvəlki vəzifəsinə — 2-ci dərəcəli sürücü vəzifəsinə bərpa olunmasına qərar verib. Həmçinin məcburi işburaxma müddəti üçün ona ödənilməli əməkhaqqının hesablanaraq verilməsi qət edilib.
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.
Bundan sonra TƏBİB kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını istəyib.
Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Beləliklə, K.Rəşidzadənin işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarları qüvvədə qalıb.
Qeyd edək ki, daha əvvəl TƏBİB bununla bağlı məlumat yayaraq bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb. Vurğulanıb ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəssisinin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib.
Xatırladaq ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, TƏBİB Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezidentin Sərəncamı ilə qurumun əvvəlki rəhbəri olmuş Anar Bayramov səhiyyə naziri təyin edilib. (Plat.az)
TREND
- Azərbaycanda B2B satınalma platforması: Qaia bizneslərə yeni imkanlar yaradır
- Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik məsələlər müzakirə edilib
- İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- TƏBİB-in “TikTok”da video paylaşdığına görə işdən çıxardığı sürücüsü işə bərpa olundu
- Müstəntiqlikdən nazir müavini vəzifəsinə… – Dosye
- Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM
- Mirsaleh Seyidov vəzifəsindən azad olundu
- Azərbaycanın kredit ittifaqları xeyli zərərə düşüb
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


