Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Müfəttiş” layihəsi Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən birgə həyata keçirilir.
Layihənin əsas məqsədi insan resurslarının idarə edilməsi, əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsi işinin təşkili və elektron altsistemlərdən istifadə istiqamətlərində işəgötürənlərə metodiki dəstək göstərməkdir.
Layihə çərçivəsində müəssisələrin könüllü müraciətləri əsasında ekspert qrupu tərəfindən diaqnostik qiymətləndirmə aparılır, mövcud uyğunsuzluqlar və risklər müəyyən edilir, onların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilir, təlim və məsləhət xidmətləri göstərilir.
Hazırda könüllü və ödənişsiz əsaslarla həyata keçirilən layihə işəgötürənlərdə “özünü təftiş” mədəniyyətinin formalaşdırılmasına, əmək qanunvericiliyinə riayət olunmasında preventiv yanaşmaların təşviqinə, dövlət və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
“DOST Müfəttiş” layihəsi ilə bağlı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci də öz təcrübəsini bölüşüb. Müəssisənin kadrlar üzrə mütəxəssisi Mənsurə Rüstəmova layihədə iştirakın faydaları barədə fikirlərini bildirib.
O, layihə haqqında sosial şəbəkələr vasitəsilə məlumat əldə etdiyini və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi internet səhifəsində qeydiyyatdan keçdiyini bildirib. Mənsurə Rüstəmova layihənin müəssisə üçün faydalı olduğunu, əmək qanunvericiliyi, kadr sənədləşməsi və ƏMAS-dan istifadə ilə bağlı sualların aydınlaşdırılmasına, mümkün hüquqi risklərin əvvəlcədən müəyyən edilməsinə dəstək göstərdiyini vurğulayıb.
Layihəni müsbət qiymətləndirən mütəxəssis digər işəgötürənləri də bu imkandan yararlanmağa dəvət edib.


