Fəaliyyətini böyük hissəsini hüquq-mühafizə orqanlarında keçirmişəm. Bu təcrübə mənə dövlət idarəçiliyinin məsuliyyətini, dövlətçilik prinsiplərinin mahiyyətini və çətin qərarların arxasında dayanmağın nə demək olduğunu yaxından tanıdıb.
Son iki ildə isə Ombudsmanımız Səbinə xanım Əliyeva ilə birgə çalışmaq imkanım olub. Bu müddətdə onun fəaliyyətində işgüzarlıq, peşəkarlıq, dəqiqlik və prinsipiallıqla yanaşı, xüsusilə iki keyfiyyəti müşahidə etmişəm: cəsarət və dövlətə sədaqət.
Mənim üçün rəhbərin dəyəri yalnız tutduğu vəzifə ilə deyil, həmin vəzifədə nümayiş etdirdiyi mövqe, daşıdığı məsuliyyət və prinsipial qərarları ilə ölçülür. Səbinə xanımın fəaliyyətində bu xüsusiyyətləri görmüşəm.
Zərif bir xanımın üzərinə götürdüyü məsuliyyətin ağırlığına baxmayaraq, bu işi iradə, qətiyyət və ləyaqətlə davam etdirməsi ayrıca qeyd olunmalıdır. Çünki dövlətçilik düşüncəsi və məsuliyyət hissi vəzifədən deyil, insanın xarakterindən, dünyagörüşündən və mənəvi dəyərlərindən qaynaqlanır.
Həyatda və idarəçilikdə vəzifələr, statuslar, münasibətlər dəyişə bilər. Əsas olan görülən işə, nümayiş etdirilən mövqeyə və real nəticələrə obyektiv qiymət verməkdir. Mən də bu fikirləri hər hansı vəzifə münasibətindən deyil, şəxsi müşahidələrimdən və qənaətimdən çıxış edərək bölüşürəm.
İnsan çox şey öyrənə, bilik və təcrübə qazana bilər. Ancaq cəsarət, etibarlılıq və sədaqət insanın xarakterinin ən mühüm göstəricilərindəndir. Dövlətə və dövlətçiliyə sədaqət isə sözlə deyil, məhz əməl və mövqe ilə sübut olunur. Atalar demişkən, ot kökü üstə bitər.
Bu gün Səbinə xanıma dəstəyimi açıq ifadə etməyi vacib hesab edirəm. Çünki yaxşı gördüyümüz işi deməkdən, layiqli fəaliyyətə dəyər verməkdən çəkinməməliyik. Fərqli münasibətlər və müvəqqəti yanaşmalar insanın obyektiv mövqeyinə təsir göstərməməlidir.
İnanıram ki, Səbinə xanım bundan sonra da öz peşəkar təcrübəsi, prinsipial mövqeyi və dövlətçilik məsuliyyəti ilə Azərbaycanın insan hüquqlarının müdafiəsinə, dövlət maraqlarının beynəlxalq platformalarda layiqincə təmsil olunmasına töhfə verməkdə davam edəcək.
Uğurlar, Səbinə xanım!
Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli


