“Məhsul və xidmətlərimizi rəqəmsallaşdırdığımız kimi onların tanıtımı üçün istifadə etdiyimiz reklam kanalları da dəyişir. Artıq marketinqdə də ənənəvi kanallar bir çox halda onlayn reklamlara uduzur. Əksər müştərilər bu gün internetdədir, deməli marketinq də internetdə daha aktiv və sistemli işləməlidir. Buna görə də rəqəmsal marketinqə daha çox yatırım etməyə üstünlük veririk.”
Bunu BAKU.NEWS-a açıqlamasında «Yelo Bank»ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova deyib.
O bildirib ki, onlayn reklamlarda büdcə vacib rol oynayır, lakin əsas həlledici amil deyil. Hər bir yerləşimimizdə fərqli testlər apardıqdan sonra ən effektivlərini seçməyə və düzgün hədəfləmələr aparmağa çalışırıq. Müştərilərin davranış və maraqlarını analiz edərək məhz onlara uyğun təkliflər hazırlanılır. Bununla da həm cəlb edilən müştəri sayını artırırıq, həm də bir cəlbetməyə çəkilən xərci optimallaşdırırıq. Əsas səbəblərdən biri bu reklam növlərinin interaktivliyi və daha ölçüləbilən olmasıdır.
Qısa müddət ərzində istənilən məlumatı böyük kütləyə çatdırmaq və əldə olunan nəticələri analiz etmək mümkündür. Hətta bunu da vurğulamaq istərdim ki, rəqəmsal fəaliyyətimizin nəticəsi olaraq 2021-ci il ərzində istehlak kreditlərinin və debet kartların onlayn satışı bir neçə filialın satış həcmini ötüb. Bu nisbət rəqəmsal kanalların xeyrinə olmaqla artmağa davam edəcək.


