Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın itkin düşmüş şəxslərin axtarılması istiqamətində qazandığı təcrübə bir çox ölkələr üçün nümunədir. Bu günə qədər 4000-ə yaxın azərbaycanlının taleyi haqqında dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət edilsə də, bir nəticə olmayıb:
“Yalnız Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etdikdən sonra kütləvi məzarlıqların aşkar olunması, qalıqların identifikasiyası və ailələrinə verilməsi prosesi başlanılıb. “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da səslənən rəqəmlər olduqca böyük ümid yaradır ki, yaxın zamanda bütün itkin düşmüş şəxslərin taleyi müəyyənləşəcək. Azərbaycanda bu günə qədər toplanan təcrübə bir çox ölkələr üçün artıq bir nümunədir. Bu istiqamətdə Azərbaycan dövlətinin apardığı işlər artıq dünya mediasında tanınır və nümunə kimi istifadə olunur”.
Ombudsman əlavə edib ki, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı həm Ermənistan tərəfinə, həm də Qırmızı Xaç Komitəsinə müraciət edilib:
“Lakin onlar bu məsələyə hərzamankı münasibət sərgiləyirdilər. Bu gün isə Azərbaycan öz gücü, öz imkanları sayəsində bu problemi də həll edir”.
Report


