“PAŞA Real Estate Qrup”un rəhbərliyi Daşkənd şəhərinin hokimi (meri) cənab Şavkat Umrzoqov və nümayəndə heyətini şirkətin baş ofisində qarşıladı.
Qonaqları “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov və direktor müavini, korporativ bankçılıq və sığorta üzrə direktor Rövşən Allahverdiyev səmimi şəkildə salamladılar. Görüş zamanı “PAŞA Real Estate Qrup”un baş icraçı direktoru Özgür Geter və “PAŞA Real Estate”in beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov şirkətin fəaliyyəti və hazırda həyata keçirilən layihələr barədə ətraflı təqdimatla çıxış ediblər.
Müzakirələrin əsas mövzusu Daşkənddə prestijli “Ritz-Carlton” brendi altında beşulduzlu otel və brend rezidensiyaların inşası olub. Bu iddialı layihə “PAŞA Real Estate Qrup”un otelçilik biznesi və yüksəksəviyyəli yaşayış sahəsində mükəmməlliyə sadiqliyini bir daha nümayiş etdirir.
Səfərin sonunda tərəflər xatirə hədiyyələri mübadiləsi aparıblar. Hörmət əlaməti olaraq Şavkat bəyə Qarabağ xalçası təqdim edilib.


