“PAŞA Bank” dövlətlə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərib, onların sahibkarlıq bacarıqlarının inkişafı üçün təlim proqramları təşkil edib. Bank bölgədə insan kapitalının formalaşmasına, yerli sahibkarların fəaliyyətinin gücləndirilməsinə və qayıdış prosesinə töhfə verməyə davam etməyi planlaşdırır.
Bunu” PAŞA Bank”ın İnsan Resursları üzrə Baş Direktoru Zibeydə Hacıyeva Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisində təşkil olunan “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağa qayıdış prosesində dövlət proqramları ilə yanaşı, özəl sektorun da rolu mühümdür. “PAŞA Bank”, “PAŞA Maliyyə Holdinqi”nin tərkib hissəsi və “PAŞA Qrupu”nun üzvü kimi, bu prosesi korporativ vətəndaşlıq məsuliyyətinin vacib istiqamətlərindən biri hesab edir.
“Bu proses hər birimizin ruhuna, qəlbinə yaxındır, önəmlidir və təbii ki, biz Qarabağda varıq”, – deyə Zibeydə Hacıyeva bildirib.
Onun sözlərinə görə, “PAŞA Qrupu”nun Qarabağda fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Holdinq aqrar sektorda və fermerlərlə işləri davam etdirir, bölgədə otelçilik fəaliyyəti həyata keçirilir, “Bravo” mağazası fəaliyyət göstərir. “PAŞA Maliyyə Holdinqi”nin tərkibindəki iki sığorta şirkəti və iki bank da bu ekosistemin bir hissəsidir. “PAŞA Bank” isə hazırda Şuşada fəaliyyət göstərir.
Zibeydə Hacıyeva qeyd edib ki, bütün bu fəaliyyətlərin əsas məqsədlərindən biri Qarabağda sahibkarları dəstəkləmək, bölgənin kadr potensialını və insan kapitalını inkişaf etdirməkdir. Buradakı strukturlarda çalışan əməkdaşlar da zamanla “PAŞA Qrupu”nun böyük komandasının və ekosisteminin bir hissəsinə çevrilirlər.
O vurğulayıb ki, “PAŞA Bank” və bütövlükdə şirkətlər qrupu insan kapitalının inkişafına, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir və bu istiqamətə davamlı olaraq investisiya yatırır.
“Biz bu qayıdış prosesində mühüm rol oynamaq istəyirik və bunun üçün əlimizdən gələni edirik”, – deyə bank rəsmisi bildirib.
Zibeydə Hacıyeva Qarabağda həyata keçirilən fəaliyyətlərin yalnız kommersiya və biznes maraqları ilə məhdudlaşmadığını, sosial layihələrin də mühüm yer tutduğunu diqqətə çatdırıb.
O bildirib ki, “PAŞA Bank” Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində yüksək balla universitetə qəbul olunan tələbələri noutbuk və kompüterlərlə təmin edib.
Bank rəsmisinin sözlərinə görə, regionların inkişafı baxımından sosial məsuliyyət layihələri ilə yanaşı, müxtəlif hakatonların keçirilməsi, akademik və dövlət qurumları ilə əməkdaşlıq da əhəmiyyətlidir.
Zibeydə Hacıyeva qeyd edib ki, “PAŞA Bank” dövlətlə birgə Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərib. Həmin proqram çərçivəsində sahibkarlar üçün təlimlər təşkil olunub ki, onların biznes və idarəetmə bacarıqları daha da inkişaf etsin.
O vurğulayıb ki, əməkdaş kimi çalışmaqla sahibkarlıq fəaliyyəti fərqli bacarıqlar tələb edir və hər iki istiqamət Qarabağın inkişafı üçün vacibdir.
“İşçi olmaq bir bacarıqdır, sahibkar olmaq isə başqa bir bacarıqdır. Bunların hər ikisi Qarabağda çox önəmlidir”, – deyə Zibeydə Hacıyeva bildirib.
O əlavə edib ki, “PAŞA Bank” Qarabağın dirçəlişi və qayıdış prosesində iştirakını davam etdirəcək, bölgənin inkişafına töhfə vermək üçün imkanları daxilində bütün səylərini göstərəcək.
Trend


