Fərid Haqverdiyev Azərbaycanın ilk milli kompüter oyununun yaradıcısıdır.
BAKU.NEWS xəbər verir ki, Moderator.az-a açıqlama verən proqramçı 11 il əvvəl hazırladığı oyunun adının ‘İşğal altında” olduğunu bildirib.
“Uşaq yaşlarımdan kompüter oyunlarına həvəsim var idi, buna görə də müəyyən müddətdən sonra bu oyunu özüm yaratmaq fikrinə düşdüm. Həmişə istəyirdim ki, Azərbaycanın da milli ruhda öz oyunları olsun. Ağlıma ilk gələn mövzu Qarabağla bağlı idi. Çünki o vaxt Qarabağ Azərbaycanın ən böyük problemlərindən biri idi. Məqsədim bir növ həm də təbliğat idi, fikirləşirdim ki, insanlar bu problemi və Qarabağı unutmasınlar” deyə müsahibim bildirib.
Fərid bildirib ki, oyunda vətənpərvər, igid Azərbaycan əsgəri təsvir edilib.
“Süjet xəttinə görə, hadisələr hərbi əməliyyatlar keçirilən döyüş bazasında baş verir. Ümumiyyətlə oyunun əsas məqsədi orada misal üçün Şuşa şəhərini işğaldan azad etmək idi. Biz ümumiyyətlə ancaq Azərbaycan ordusunda olan texnikanı oyunda istifadə etmişik. Misal üçün istiqlal silahını oyuna əlavə etmişik. Hətta istifadə olunan zəfər pistaletini də oyuna daxil etmişik. Mən bu oyunlardan heç bir gəlir əldə etmirəm, hətta saytlara da pulsuz yerləşdirmişəm. Amma pullu oyunlar üzərində də çalışıram.
Mən bu bu oyunu torpaqlarımız düşmən tapdağı altında olduğu dövrdə hazırlamışam. Artıq igid və müzəffər ordumuzun gücü ilə Qarabağımız erməni işğalından azad edilib. Təbii ki, qalibiyyətimizi də oyunlarda əks etdirəcəm Amma bu bir az zaman alır, çünki çox böyük iş görmək lazımdır. Əgər çox oyunçular istəsələr, dəstək olsalar, istər maddi, istərsə də mənəvi, biz bu oyunu daha tez hazırlaya bilərik. Biz bunu peşəkar səviyyədə etməliyik, həvəskar şəkildə etsək effekti olmayacaq. Ümid edirəm ki, bu çağırışım cavabsız qalmayacaq.
Çünki belə bir oyunun hazırlanması istər texnoloji inkişaf, istərsə də gənclərin milli ruhda yetişdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Döyüş meydanında düşməni diz çökdürməyi bacardığımızı nəzərə alsaq, virtual oyunda ona qalib gəlmək də çox sadə məsələdir” deyə müsahibimiz bildirib.


