Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə “Milli Qurtuluşdan qlobal liderliyə” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, rayonun idarə,müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, fəal üzvlər və gənclər iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev iştirakçıları partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkəmizin taleyində həlledici rol oynayan tarixi-siyasi hadisə olduğunu və ötən 34 ildə müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Sədr vurğulayıb ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə partiya Azərbaycanın siyasi sistemində aparıcı qüvvə kimi cəmiyyətin bütün təbəqələrini öz ətrafında sıx birləşdirir. 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində baş tutan VIII Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında müəyyən etdiyi prioritetlərin icrası, eyni zamanda qəbul edilən qərarların partiyanın fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Ülvi Fərzəliyev ölkəmizin tərəqqisinə xidmət edən bu strateji hədəflərin reallaşdırılması istiqamətində rayon təşkilatının qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini bildirib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkəmizin müstəqilliyinin qorunması və milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından taleyüklü tarixi zərurətdən irəli gəldiyini vurğulayıb. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis olunan YAP ötən 34 ildə şərəfli inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsinə çevrilib. O, ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyini, Azərbaycanın qlobal tranzit-güc mərkəzi kimi mövqeyinin daha da gücləndiyini diqqətə çatdırıb. Çıxışda VIII Qurultayda Möhtərəm Prezident, partiyanın sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edilib. Həmçinin müasir qlobal çağırışlar fonunda ideoloji işin təkmilləşdirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm vəzifə kimi qarşıda durduğu bildirilib. Sonda rayonun YAP üzvlərinin ölkəmizdə və rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərində hər zaman ön sıralarda yer aldıqları qeyd olunaraq, təşkilatın gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.
Daha sonra çıxış edənlər -partiya veteranları Oqtay Kərimov, Şakir Bəşirov, partiya fəalı Elvira Bağırova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təsis olunduğu mürəkkəb ictimai-siyasi dövrdən, keçdiyi şərəfli mübarizə yolundan və müstəqil dövlətimizin inkişafına verdiyi müstəsna töhfələrdən söz açıblar. Natiqlər 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılmış möhtəşəm Qələbənin əhəmiyyətini, xalqımızın nümayiş etdirdiyi sarsılmaz milli birliyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyini xüsusi qeyd ediblər. Çıxışlarda həmçinin nəsillər arasında ideoloji varisliyin qorunmasının, partiya sıralarında gənclərin təşəbbüskarlığının daha da artırılmasının, eləcə də qarşıya qoyulan təşkilati vəzifələrin yeni dövrün tələblərinə uyğun icrasının vacibliyi də vurğulanıb.
Tədbir çərçivəsində partiyanın və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.






