“ASAN xidmət”in “Bilim Azərbaycan” layihəsi Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan bayram tədbirlərində stendi ilə iştirak edib.
Bayram tədbirlərinin əsas məqsədi Zəfər tariximizi yaşatmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili, doğma yurdlarına qayıdan ailələrin sevincinə şərik olmaq və Ağdamın mədəni həyatına töhfə verməkdir.
Tədbir çərçivəsində 6–14 yaş aralığında 300-dən çox məktəbli üçün elm, texnologiya, yaradıcılıq və məntiqi təfəkkürün inkişafına yönəlmiş interaktiv fəaliyyətlər təşkil olunub.
Layihənin rəhbəri Enes Kiraz uşaqların elmə və texnologiyaya marağının artırılması istiqamətindəki təşəbbüslər, eləcə də innovativ təhsil imkanlarını ölkənin müxtəlif bölgələrində yaşayan uşaqlar üçün əlçatan edən “Bilim hər yerdə” proqramı barədə məlumat verib.
Stenddə uşaqlar buludların növlərini müəyyənləşdirib, raketlərlə uçuş yarışında iştirak edib, ağciyərlərin iş prinsipi və tənəffüs prosesi ilə bağlı təcrübələr aparıb, VR eynəklərlə 360 dərəcəli videolar izləyib, məntiq oyunları və yarışlarında bilik, bacarıqlarını sınayıblar. Qaliblərə hədiyyələr təqdim olunub.
Bundan əlavə, süni intellekt texnologiyalarından istifadə etməklə uşaqların fotoşəkilləri Ağdamın mənzərəli görüntüləri fonunda hazırlanaraq çap edilib və xatirə olaraq iştirakçılara təqdim olunub. Stenddə “Bilim Bakı” mərkəzinin texnologiya laboratoriyalarında istifadə olunan robotlar və innovativ məhsullar da nümayiş etdirilib.



















