Vətən Müharibəsindən sonra aparılan genişmiqyaslı abadlıq quruculuq işləri digər ərazilərimiz kimi Laçının da əvvəlki görkəmini özünə qaytaracaqdır
Azərbaycanın ən mühüm strateji məkanlarından sayılan Laçın rayonunun işğalı Birinci Qarabağ müharibəsinin taleyinə böyük ölçüdə aydınlıq gətirmişdi. O zaman Laçının işğal olunması düşmənin ən mühüm hərbi hədəflərdən sayılırdı. Həmin dövrlərdə Azərbaycanda siyasi hakimiyyətdə olan rəhbərlərin səriştəsizliyi, xəyanəti, ölkədə cərəyan edən siyasi özbaşnalıq, cəbhədə müdafiənin düzgün təşkil edilməməsi düşmənin Laçın şəhəri və ətraf yaşayış məntəqələrini işğal etməsini xeyli asanlaşdırmışdı. Müharibənin gedişatına çox böyük təsir göstərən bu hadisədən sonra minlərlə Laçınlı öz əzəli yurd yerlərindən didərgin düşdü. Torpaq, vətən həsrəti laçınlılarda heç zaman öz doğma el-obalarına dönmək arzularını puç etmədi.
Belə də oldu, 30 illik həsrətdən sonra Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Şanlı Ordumuzun misli görünməmiş şücaəti ilə işğal altında olan torpaqlarımız, o, cümlədən Laçın rayonu işğaldan azad olundu. Bu gün artıq digər rayonlarımızda olduğu kimi, Laçın şəhəri və onun digər yaşayış məntəqələrində geniş abadlıq quruculuq işləri vüsət alıb. Reallaşdırılan infrastruktur layihələrlə yanaşı, Laçında yeni istehsal, təsərrüfat müəssisələri yaradılaraq istifadəyə verilir. Bu da sonda həmin ərazidə yaşayan soydaşlarımızın məşğulluq probleminin həllində müsbət rol oynayır. Bu gün Laçına “Böyük Qayıdış” layihəsi çərçivəsində demək olar ki, hər gün onlarla ailə öz doğma yurdlarına qayıdırlar. Bu proses uğurla icra olunmaqdadır. Ölkə Başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.
Laçın Şəhəri Günündə Müzəffər Ali Baş Komandan və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın Laçına səfəri laçınlıların böyük sevincinə səbəb olmuşdur. Orada gördüklərimizə əsasən deyə bilərik ki, Laçının simasına yeni sima qatılır. Laçında bu gün təkcə yaşayış binaları, sosial obyektlər deyil, parklar, istirahət mərkəzləri tikilərək laçınlıların istifadəsinə verilir. Aparılan işlərlə Ölkə başçısının yerindəcə tanış olması görülən işlərin keyfiyyətli və sürətli şəkildə icra olunmasına zəmin yaradır. Laçın və digər rayonlarda aparılan işlər bu gün dünya ictimaiyyəti tərəfindən yaxından izlənilir.
Bununla Ölkəmiz dünyaya çağırış edərək nümayiş etdirir ki, Laçın bizlər üçün doğma diyardır, o, tarixən biz azərbaycanlılara məxsusdur.
Belə olmayan təqdirdə düşmən 30 il ərzində Laçın və digər yaşayış məntəqələrimizdə az da olsa işlər görərdi. Amma gözlə görüləsi fakt odur ki, düşmən həmin ərazilərdə daşı-daş üzərinə qoymayıb. Bu da bir daha sübut edir ki, düşmən son ana qədər bilir və yaxşı başa düşürdü ki, Azərbaycan xalqı dədə-baba torpaqlarını bir gün geri alacaq və yurdlarımızda üç rəngli Şanlı bayrağımız dalğalanacaqdır.
Rüfət Fətullayev;
Neftçala rayon sakini, Şəhid atası


