Gürcüstanda koronavirusun 6-cı dalğası yaxın 10 gün ərzində ən yüksək həddə çatacaq. Bundan sonra isə yoluxma sayında azalma qeydə alınacaq və bununla da altıncı dalğa başa çatacaq.
BAKU.NEWS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisinin İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvane Çxaidze söyləyib.
Onun sözlərinə görə, koronavirusa gündəlik yoluxma rekord həddə çatıb. Yanvarın ortalarında gündəlik yoluxma sayı 5 min nəfər olduğu halda, fevralın 2-də bu rəqəm 26 mindən çox olub. Epidemioloqlar bunu “omikron” ştamının daha sürətlə yayılması ilə izah edirlər.
Direktor bildirib ki, uşaqlar arasında da yoluxma artıb və bu gün 15 faiz təşkil edir. Yəni koronavirusa yoluxan hər 10 min insanın 1500-ü uşaqlardır. “Bu da onu deməyə əsas verir ki, gündəlik yoluxma artdıqca uşaqlar arasında da yoluxma sayı 3-4 mini keçəcək”,– deyə Çxaidze vurğulayıb.


