Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.
Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov BAKU.NEWS-a açıqlamasında deyib ki, aksiyada iştirak edənlərin sayı hər gün artmaqda davam edir. Azərbaycan Alpaqut Federasiyası olaraq, həm də Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondunun Azərbaycan filialının üzvləri olan idmançılarımızla birlikdə bu aksiyaya qoşulmuşuq. Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondunun Azərbaycan filialının direktoru, hörmətli İsmayıl Rəhimov da qəlbən bizimlədir. O, Bakıdan bizim bütün hərəkətlərimizi izləyir. Biz öz istəyimizə nail olana kimi burda olacağıq. Artıq geriye yol yoxdur. 3 gündür ki, aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir.
İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.











