Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız yerli bazara deyil, daha geniş regional bazarlara çıxış imkanı yaratmasıdır. Bu baxımdan ölkənin coğrafi mövqeyi, sənaye zonaları və ixrac imkanları vahid investisiya modelinin elementləri kimi çıxış edir.
İnvestor üçün istehsal qərarı qəbul edilərkən əsas suallardan biri məhsulun harada istehsal olunacağı ilə yanaşı, hara və hansı xərclərlə çatdırılacağıdır. Bu baxımdan Azərbaycanı yalnız daxili istehlak bazarı kimi qiymətləndirmək düzgün olmaz. Ölkənin üstünlüyü ondan ibarətdir ki, ölkədə yaradılan istehsal gücü daxili tələbatı qarşılamaqla yanaşı, qonşu və regional bazarlara çıxış üçün istifadə oluna bilər. Xüsusilə Mərkəzi Asiya, Türkiyə, Rusiya, Gürcüstan və digər yaxın bazarlarla nəqliyyat bağlantılarının inkişaf etdirilməsi Azərbaycanda istehsalı ixracyönümlü investisiya modeli üçün daha cəlbedici edə bilər. Beləliklə, investor üçün Azərbaycan bazarı yalnız son istehlak məkanı deyil, eyni zamanda regional bazarlara çıxış nöqtəsidir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın genişlənməsi ölkənin qeyri-neft-qaz sənayesinin inkişafı və ixrac potensialının artırılması baxımından əhəmiyyət daşıyır. Sənaye zonalarının əsas üstünlüyü ondan ibarətdir ki, burada investor üçün istehsal fəaliyyəti ilə bağlı infrastruktur və institusional imkanlar bir məkanda cəmləşdirilir. Başqa sözlə, investor məhsulu Azərbaycanda istehsal etməklə həm daxili bazara, həm də regional bazarlara yönəldə bilər.
Azərbaycanın regional istehsal və ixrac platformasına çevrilməsi qeyri-neft-qaz sənayesinin inkişafı üçün də əlavə imkan yaradır. Xüsusilə kimya, emal və qida sənayesi, tikinti materialları, maşınqayırma, logistika avadanlıqları, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrdə yaradılan istehsal imkanları regional tələbatla əlaqələndirilə bilər.
Strateji investisiya layihələrinin icrasında institusional dəstək
İnvestisiya layihələrinin həyata keçirilməsini sürətləndirən, dövlət qurumları arasında koordinasiyanı təmin edən və investorların qarşılaşdığı inzibati məsələlərin həllinə kömək edən institusional mexanizmlər mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Nazirlər Kabinetinin strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiyanın yaradılması haqqında sərəncamı qəbul edilib. Sənədin mahiyyəti strateji investisiya layihələrinin icrasında dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və layihələrin həyata keçirilməsi prosesinin daha operativ təşkil edilməsi ilə bağlıdır.
Layihənin razılaşdırılması, zəruri prosedurların tamamlanması, aidiyyəti qurumlarla işin təşkili və qərarların qəbul edilməsi üçün tələb olunan vaxt da investisiyanın iqtisadi səmərəliliyinə təsir göstərir.
Buna görə də strateji investisiya layihələrinin sürətləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi Azərbaycanın investisiya potensialının real istehsal və ixrac nəticələrinə çevrilməsinə xidmət edən institusional amillər kimi qiymətləndirilə bilər.
Beynəlxalq investisiya forumu: imkanların konkret layihələrə çevrilməsi
Azərbaycanın investisiya potensialının beynəlxalq səviyyədə təqdim edilməsi və ölkənin regional iqtisadi bağlantılardakı rolunun gücləndirilməsi baxımından Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm platformadır.
2026-cı il sentyabrın 25–26-da Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas müzakirə istiqamətlərindən biri Azərbaycanın Cənubi Qafqazda qlobal bağlantı və investisiya sabitliyi baxımından rolunun qiymətləndirilməsi olub. Forumun mövzusu-“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi”-ölkənin investisiya imkanlarına regional və beynəlxalq iqtisadi əlaqələr kontekstində yanaşmanı əks etdirir.
Forumun mütəmadi beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Prezidentin 7 avqust 2026-cı il tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Forumun investisiya strategiyası baxımından əhəmiyyəti yalnız beynəlxalq investorların bir araya gətirilməsi ilə məhdudlaşmır. Belə platformalar Azərbaycanın iqtisadi imkanlarının, infrastruktur layihələrinin, sənaye potensialının və regional bağlantılarının vahid investisiya təklifi kimi təqdim olunmasına şərait yaradır. Bu isə ölkənin kapital cəlb edən bazar olmaqla yanaşı, istehsalın təşkili və müxtəlif bazarlara çıxış üçün əlverişli məkan kimi tanıdılmasına kömək edə bilər. Beynəlxalq platforma investora imkanları təqdim edir, səmərəli institusional mühit isə həmin imkanların konkret layihələrə çevrilməsini dəstəkləyir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Sənədlər enerji, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bu sənədlər Azərbaycanın investisiya imkanlarının müxtəlif iqtisadi sahələri əhatə etdiyini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın konkret layihələr səviyyəsində genişləndirildiyini göstərir.
Əsas hədəf: əlavə iqtisadi dəyərin yaradılmasına
Beləliklə,
Azərbaycanın investisiya siyasətində strateji hədəf ölkəyə daha çox investor cəlb etməklə yanaşı, Azərbaycanı istehsalın qurulduğu, əlavə dəyərin yaradıldığı və regional bazarlara çıxışın təmin edildiyi iqtisadi mərkəzə çevirməkdir.


