Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Respublikasının inkişafı ilə yanaşı, ekoloji vəziyyət, ətraf mühitin mühafizəsinə qayğı ilə yanaşıb. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaşıllaşdırma proqramları həyata keçirilib.
BAKU.NEWS xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
Nazir müavini qeyd edib ki, görkəmli şəxsiyyətin iradəsi ilə 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühum 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz Ulu Öndərin diqqət və qayğısı ilə yaradılıb.
U.Tağıyeva diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə ölkəmizdə flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən etmişdir. “Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsü məhz Ulu Öndərin adı ilə bağlıdır”, – deyən nazir müavini bildirib ki, Akademik Həsən Əliyev adına Zəngəzur, həmçinin Şirvan və Ağgöl milli parkları 2003-cü ildə yaradılıb. O, bu gün Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanılmış işlərin davam etdirildiyini, bu istiqamətdə yeni-yeni layihələrin həyata keçirildiyini söyləyib.
C.Quliyev


