2026-cı ilin ikinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətində fiziki şəxslərin əmanət portfeli artsa da, bir sıra banklarda azalma qeydə alınıb.
Plat.az bankların maliyyə göstəriciləri əsasında apardığı hesablamaya görə, ikinci rübdə əhalinin əmanətlərinin artım tempinə görə AFB Bank birinci olub.
AFB Bankda fiziki şəxslərin əmanət portfeli birinci rübün sonundakı 166,2 milyon manatdan 219 milyon manata yüksəlib. Beləliklə, üç ay ərzində bankda əhalinin əmanətləri 52,8 milyon manat və ya 31,8% artıb.
Artım tempinə görə ikinci yerdə “Bank VTB (Azərbaycan)” qərarlaşıb. Bankda fiziki şəxslərin əmanətləri 78,1 milyon manatdan 99,2 milyon manata yüksələrək 27,1% artıb.
“Bank of Baku”da əhalinin əmanətləri 15,6% artaraq 828,6 milyon manata, “Expressbank”da 13,7% artaraq 309 milyon manata çatıb.
“Kapital Bank”da fiziki şəxslərin əmanətləri üç ay ərzində 392,9 milyon manat və ya 11,9% artaraq 3,708 milyard manata yüksəlib. Bu, təqdim olunan banklar arasında mütləq ifadədə ən böyük artım olub.
ABB-də əhalinin əmanətləri 331,5 milyon manat və ya 9,3% artaraq 3,894 milyard manata çatıb. Bununla ikinci rübün sonuna təqdim olunan banklar arasında fiziki şəxslərin ən böyük əmanət portfeli ABB-də olub.
Bundan başqa, fiziki şəxslərin əmanətləri “Yapı Kredi Bank Azərbaycan”da 9,8%, “Bank Avrasiya”da 7%, “TuranBank”da 5%, “Azər Türk Bank”da 3,5%, “Unibank”da 1,3%, “Premium Bank”da isə 0,7% artıb.
İkinci rübdə 8 bankda fiziki şəxslərin əmanət portfeli azalıb. Ən kəskin azalma “Xalq Bank”da qeydə alınıb. Bankda əhalinin əmanətləri 863,2 milyon manatdan 738 milyon manata düşüb. Beləliklə, üç ay ərzində azalma 125,2 milyon manat və ya 14,5% təşkil edib.
“PAŞA Bank”da fiziki şəxslərin əmanətləri 53,9 milyon manat və ya 2,8% azalaraq 1,854 milyard manata düşüb. “Yelo Bank”da azalma 1,6%, “AccessBank”da 1,3%, “Ziraat Bank Azərbaycan”da 1%, “Rabitəbank”da 0,5%, “Bank Respublika” və “Azərbaycan Sənaye Bankı”nda isə 0,2% olub.
Ümumilikdə, əmanət portfeli artan 12 bankda fiziki şəxslərin vəsaitləri ikinci rüb ərzində 1 milyard 4,3 milyon manat artıb. Bunun 724,4 milyon manatı və ya təxminən 72%-i təkcə “Kapital Bank” və ABB-də qeydə alınan artımın payına düşüb.
Əmanət portfeli azalan 8 bankda isə ümumi azalma 212,7 milyon manat təşkil edib. Bunun 179,1 milyon manatı və ya təxminən 84%-i “Xalq Bank” və “PAŞA Bank”ın payına düşüb.
Beləliklə, əmanətləri artan banklarda qeydə alınan 1 milyard 4,3 milyon manatlıq artım, digər 8 bankdakı 212,7 milyon manatlıq azalmanı təxminən 4,7 dəfə üstələyib. Təqdim olunan banklar üzrə fiziki şəxslərin əmanət portfelində xalis artım 791,6 milyon manat olub.



