İbrahimov Cavanşir Zeynal oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən 12 saylı orta məktəbi bitirdikdən sonra Bakı Kooperativ Texnikumuna daxil olub. Ordu sıralarında iki il xidmət edib. Hərbi xidmətini Macarıstanda keçirən Cavanşir haqqında qulluq etdiyi hərbi hissənin komandanlığı adından evinə təşəkkür dolu məktublar gəlib.
1985-ci ildə ailə quran Cavanşirin iki oğlu – Oruc İbrahimov və Orxan İbrahimov dünyaya gəlib.
Cavanşir İbrahimov Dağlıq Qarabağ müharibəsi zamanı heç bir çağırış gözləmədən könüllü olaraq cəbhəyə yollanıb. O, həmin vaxt hələ formalaşmaqda olan Azərbaycan Milli Ordusunun ilk əsgərlərindən biri idi.
Onun döyüş yolu daha çox Şuşa istiqamətindəki məntəqələrdən keçib. O, Quşçular, Malıbəyli, Nəbilər, Ağdərə və Kərkicahanda ermənilərin planlarının qarşısını alanlardan olub.
1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi istiqamətində aparılan və 100-ə yaxın qəhrəman vətən övladının şəhid olduğu Daşaltı əməliyyatı Cavanşirin də son döyüşü oldu.
Daşaltı şəhidlərinin çoxu kimi Cavanşirin də məzarı yoxdur. Onun adı “Şəhidlər Xiyabanı”nda yerləşən Daşaltı Şəhidlərinin xatirə lövhəsinə həkk olunub.
Cavanşir İbrahimov ölümündən sonra “Müharibə Veteranı” medalı ilə təltif olunub.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!


