Çin Xalq Respublikası son onilliklər ərzində iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Belə ki, bu ölkədə aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub.
Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Tarixə nəzər saldıqda çin xalqının çox çətinliklərə üzləşdiyini, sərt sınaqlardan keçdiyini görə bilirik. Bunun nəticəsidir ki, Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq, iqtisadi əlaqələri faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Çinlə Ökəmiz coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən mövcud olmuş dostluq əlaqələri bu gün də davam və inkişaf edir. Əlbəttə ki, bu münasibətlərin yaranmasında və inkişaf etməsində tarixi İpək yolu çox vacib rol oynamışdır. Güclənməkdə və böyüməkdə olan Çin öz iqtisadiyyatı yeni üfüqlər açmaqla şaxələnmək niyyətini ortaya qoyur. Bu mənada 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsinin irəli sürülməsi tarixi İpək yolunun yenidən canlanmasına xidmət edir. Ölkəmizin layihəyə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Xüsusi vurğulamalıyıq ki, Çin hər zaman beynəlxalq təşkilatlarda Ölkəmizlə eyni mövqe nümayiş etdirib. 30 ilə yaxın müddətdə düyünə salınmış “Qarabağ məsələsi”nə birmənalı münasibətdə olub. Bu ölkə Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Azərbaycan da öz növbəsində Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hər zaman hörmətlə yanaşıb və bu konsepsiyanı dəstəkləmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinə hər zaman böyük önəm vermişdir. Məhz onun Çin rəhbərliyi ilə olan isti münasibətləri nəticəsində ölkələrimiz, xalqlarımız arasında olan tarixi bağlılıq, dostluq münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dünyada güclü Lider kimi qəbul edilən Ölkə başçımız iki ölkə arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu bəyan edib. Bu günlərdə Çinin nüfuzlu “China Global Television Network” televiziya kanalına müsahibə verən cənab Prezident ölkələrimiz arasındakı münasibətlərin bütün spektrlərinə işıq saldı. Dost Çinin Azərbaycanla bütün sahələrdə əlaqələr qurmağa və inkişaf etdirməyə maraqlı olduğunu bildirdi. Ən ağır sınaqlardan birlikdə çıxan ölkələrimizin dünyadakı ən böyük üstünlükləri heç şübhəsiz sülhə, inkişafa, inteqrasiyaya, əməkdaşlığa verdikləri önəmdir. Ölkə başçısı bu faktorları xüsusi vurğulamaqla hər iki ölkənin əsl niyyət və məramını açıq şəkildə ifadə etdi.
Ziya Yusifzadə;
Neftçala rayon gənci


