Bu günlərdə tarixi Zəfərimizin simvolu, Mədəniyyət paytaxtımız Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. Dünyanın dörd bir yanından olan media qurumlarının, beynəlxalq jurnalistlərin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etməklə Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılmasına nail oldu.
Forumda iştirak edən beynəlxalq media qurumlarının suallarını cavablandıran Ölkə başçısı Vətən Müharibəsinin gedişində xalqa müraciətində qürurla dediyi fikirlərin davamı kimi dediyi fikir forumun manifesti kimi səsləndi: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”. Şuşa Forumu həm də səsləndirilən bəyanatlar, deyilən fikirlər, verilən suallar və alınan cavablar baxımından dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bildi.
Məhz tədbirin Şuşa şəhərində baş tutması isə Azərbaycan maraqlarının, reallıqlarının yerində öyrənilməsi baxımından böyük önəm daşıyırdı. Əminlikdə demək olar ki, Ölkəmiz öz məqsədlərinə bir daha nail oldu. Xüsusilə erməni yalanları, riyakarlığı, vandalizmi iştirakçıların gözü önündə canlandı. Bu Forum eyni zamanda Azərbaycanın gücünün qüdrətinin nümayişi idi. Forumda iştirak edənlər arasında heç şübhəsiz qardaş Ölkənin də nümayəndələri də var idi. Dövlət başçısı türkiyəli jurnalistin qardaş ölkə ilə münasibətlər barədə sualına verdiyi cavabla Ölkələrimiz arasında olan münasibətlərin səviyyəsinə bir daha aydınlıq gətirdi.
Cənab Prezident Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğunun təkcə regionda deyil, dünyada məlum bir fakt olduğunu bildirdi. Bu gün iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrini regional inkişaf və sabitlik baxımından çox mühüm amil adlandıran Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Vətən Müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatının bizim üçün çox böyük bir dəstək olduğunu qeyd etdi.
Bəli Azərbaycan xalqı müharibənin ilk saatlarından qardaş Ölkənin dəstəyini hiss etdi. Qələbədən sonra isə Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi, tarixi Şuşa Bəyannaməsini imzalamaqla ölkələrimiz müttəfiqlik səviyyəsinə yüksəldilər. Müzəffər Prezident Forumdakı çıxışında bu gün ölkəmizə qarşı potensial təhlükə görmədiyini, Azərbaycanın sürətli şəkildə iqtisadi cəhətdən inkişaf etdiyini, beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu vurğuladı. Bəli bu gün bizlər Ölkəmizin əldə etdiyi uğurlara baxaraq böyük qürur hissi keçiririk. Bu qürurun zirvəsində isə tarixi Zəfərimiz və Şuşamız dayanır!
Təhmasib Məlikov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası


