Hüquqi torpaqlarımızda suverenliyimizin tam təmin edilməsi üçün lokal antiterror əməliyyatlarının aparılması vacib idi.
44 günlük Vətən Müharibəsində rəşadətli Ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri bu günə qədər yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam edirdi.
Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası davamlı həyata keçirilmişdir. Azərbaycan dövlətinin dəfələrlə Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması ilə bağlı müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi – vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir.
Bu müddət ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur. Bütün bunlara dözümlü yanaşan Azərbaycan Laçın-Xankəndi, sonradan isə Ağdam-Xankəndi istiqamətində hərəkəti təmin etmiş, Azərbaycanın bölgədə yaşayan erməni sakinlərinin təhlükəsizliyi üçün daim xoşməramlı niyyətini ifadə etmişdir. Həmçinin davamlı olaraq həmin bölgədə xidmət aparan Azərbaycan Ordusu tərəfindən erməni sakinlərə baş verə biləcək hərbi əməliyyatlar zamanı onların təhlükəsizliklərinin Azərbaycan tərəfindən təmin olunması ilə bağlı məlumatlar verilmişdir.
Lakin dəqiq məlumatlar əsasında separatçı-terrorçu rejimin təxribat hücumlarına hər an başlayacağı gözlənilən idi. Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olmuşdur.
Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdə idi. Vəziyyətə uyğun olaraq Azərbaycan ordusunun separatçılara qarşı lokal antiterror əməliyyatı aparması həm labüd, həm də vacib idi. Bəli bu baş verdi Rəşadətli Azərbaycan Ordusu cəmi 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Azərbaycan öz qanuni ərazi bütövlüyünə sahib oldu. Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatına bir çox dünya ölkələrindən dəstək gəldi, yerli siyasi partiyalar, eləcə də Qərbi Azərbaycan İcması dəstək üçün bəyənat verdilər.
Öz lobbilərinə arxayın olan separatçı rejim isə sonda tək qaldı və təslim olmağa məcbur oldu. Bütün bu hadisələr bir daha göstərdi ki,Azərbaycan haqq işi uğrunda mübarizə aparır və qələbəyə də nail olur. Müzəffər Ali Baş Komandan, Rəşadətli Azərbaycan Ordusu bir daha dünyaya yenilməz gücünü göstərdi.
Arzu Abdiyeva;
Neftçala rayon sakini, həkim


