Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir.
Bu gün Bakıdan İstanbula uçan AZAL təyyarəsində “Rəşadət” ordenli Aydan Rəhimli ilə qarşılaşmaq mənə unudulmaz anlar yaşatdı.
İlk növbədə onunla ötən il hamımız üçün böyük kədər doğuran məlum faciə sonrası anası ilə birgə Dövlət Komitəsində baş tutan görüşümüzü xatırladım.
Çox sarsılmışdı…
Bir xeyli söhbət etdik və nə qədər çətin olsa da peşəsinə davam edəcəyini, güclü olmağa çalışacağını söylədi. Və bu günkü təsadüfi görüşümüz…
Onu yenidən öz sevimli peşəsinin başında — AZAL- a məxsus, özü də ona çox yaraşan uniformada, gülərüz, dik duruşlu və işinə böyük sevgi ilə sarılmış halda görmək məni hədsiz dərəcədə duyğulandırdı.
Hazırda qarışıq hisslər altındayam…
Əslində mənim üçün qısa müddət ərzində iştirakçısı olduğum hər iki görüş bir-birini tamamlayan çox ibrətamiz bir həyat hekayəsidir.
O ağır sınaq zamanı bir-birimizə təsəlli və dayaq olmağa çalışdığımız anlardan, bu gün səmada yenidən qürur və sevinclə sarıldığımız bu anadək keçən zaman Aydan üçün bir iradə və qətiyyət yoludur deyərdim…
Səmimi söhbətimizdə də onun gözlərindəki o işıqla yanaşı, bu peşədə davam etmək və xatirələri yaşatmaq əzmini görmək məni çox sevindirdi
Qeyd edim ki, O, Azərbaycanın ilk və yeganə “Rəşadət” ordenli qadınıdır.
2024-cü il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysinin Aktau yaxınlığında qəzaya uğraması zamanı sağ qalan 29 nəfərdən biri olan Aydan, həmin taleyüklü gündə göstərdiyi misilsiz cəsarət, soyuqqanlılıq və yüksək peşəkarlıqla əsl qəhrəmanlıq salnaməsi yazdı.
O, ən çətin anda belə öz peşə borcuna sadiq qalaraq Azərbaycan qadınının mərdliyini, və sarsılmaz ruhunu bütün dünyaya nümayiş etdirdi.
Onu bu gün yenidən buludların üzərində, öz peşəsinin zirvəsində görmək mənə həm dərin sevinc, həm də sonsuz qürur hissi yaşatdı.
Həyatın ən ağır fırtınalarından sonra sınmamaq, yenidən qanad açmaq və sevdiyin yola inamla davam etmək böyük mənəvi güc tələb edir. Aydanın həyat yolu cəmiyyətimiz, xüsusilə də gənc qızlarımız üçün əsl mayak, canlı bir örnəkdir
Bu, qadın zərifliyinin arxasında dayanan nəhəng daxili gücün, peşəyə sədaqətin, çətinliklər qarşısında əyilməməyin və öz qanadlarına güvənməyin təntənəsidir.
Əziz Aydan, bil ki, bu gün sənin kimi cəsur, iradəli, vətəninə və işinə ürəkdən bağlı gənc qadınların varlığı ilə fəxr edirik!
Qoy həmişə yolun açıq, uçuşların təhlükəsiz, səmaların aydın olsun!
Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri




