Bu gün Azərbaycan teatrı yaranmasının 148-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
BAKU.NEWS xatırladır ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.


