Azərbaycanda, xüsusilə düşməndən təmizlənən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir.
Ölkəmizdə də enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır.
Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Təbii göstəricilərə əsasən azad olunmuş ərazilərdə külək enerjisinin və günəş enerjisinin böyük potensialı vardır. Bərpa olunan enerjinin üstünlükləri onun dayanıqlı olmasıdır. Yəni ərazinin digər enerji mənbələrindən asılılığının qarşısını alır.
Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də, əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinə başlanılmışdır. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.
Bu gün ölkəmizin daxili siyasəti və milli prioritetində insanların rifah halının yüksəldilməsi ilə yanaşı, təmiz ətraf mühit məsələlərinin həlli öz əksini tapmışdır. Burada həmçinin, “yaşıl enerji” mənbələrindən istifadəni təmin etmək, tullantıların əmələ gəlməsini minimallaşdırmaq, təkrar emal istiqamətində mühüm işlər həyata keçirmək, habelə, çirklənmiş ərazilərin bərpasını, ekoloji problemlərin ətraf mühitə təsirinin azaldılmasına diqqətli yanaşma öz əksini tapmışdır.
Nağıyev Süleyman Möhübbət oğlu
Mühəndis


