Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin müzakirəsi davam edir.
Oktyabrın 30-da YAP Hacıqabul rayon təşkilatının “Şorbaçı kənd” ərazi partiya təşkilatında bu istiqamətdə görüş keçirilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, partiya veteranı, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, eləcə də Şorbaçı, 1-ci Udullu və 2-ci Udullu kənd ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Görüşdə Prezident İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi strateji hədəflər və partiyanın gələcək fəaliyyətinin əsas prioritetləri ətrafında müzakirələr aparılıb.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxışında qurultayda müəyyənləşdirilən prioritetlərin partiyanın fəaliyyətinin təşkilində mühüm istiqamətverici rol oynadığını bildirib. O qeyd edib ki, dəyişən ictimai-siyasi şəraitdə qarşıya qoyulan vəzifələrin uğurla icrası üçün partiya üzvləri dövlətin inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərməli, təşəbbüskarlıq və məsuliyyət nümayiş etdirməlidirlər.
İ.İbrahimov Yeni Azərbaycan Partiyasının gücünün cəmiyyətlə sıx əlaqələrində, ümummilli maraqlara əsaslanan fəaliyyətində və qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl işlərdə əks olunduğunu vurğulayıb. O, ərazi partiya təşkilatlarının yerli səviyyədə əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların müraciət və təkliflərinin öyrənilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Sahib Aslanov isə çıxışında VIII Qurultayda səsləndirilən çağırışların partiya üzvləri arasında geniş təbliğinin vacibliyini qeyd edib. O, siyasi maarifləndirmənin gücləndirilməsinin, üzvlərin bilik və bacarıqlarının artırılmasının, ictimai-siyasi proseslərdə fəal iştiraklarının təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda VIII Qurultayda müəyyənləşdirilən strateji istiqamətlərin təşviqi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi bildirilib.








