Oktyabrın 29-da Hacıqabul Quşçuluq Şirkətində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının “Ağacanlı kənd” ərazi partiya təşkilatında VIII Qurultayın müəyyənləşdirdiyi prioritetlərin icrası istiqamətində tədbir keçirilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və VIII Qurultayın nümayəndəsi, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov iştirak edərək çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflərin əhəmiyyəti, qarşıya qoyulan vəzifələrin icrası və ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, qurultayda müəyyənləşdirilən prioritetlər Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, əhalinin sosial rifahının yüksəldilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Natiqlər vurğulayıblar ki, milli maraqların qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və strateji məqsədlərə nail olunması ardıcıl siyasətin həyata keçirilməsini, siyasi sabitliyin qorunmasını və cəmiyyətin ümumi məqsədlər ətrafında birləşməsini tələb edir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati məsuliyyətin artırılması və qarşıda duran vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Çıxışlarda, həmçinin partiya üzvlərinin fəallığının, məsuliyyətinin və təşəbbüskarlığının artırılmasının vacibliyi vurğulanıb. Qurultayda qəbul edilən qərarların və müəyyənləşdirilən prioritetlərin partiya üzvləri arasında geniş izah olunmasının, ideoloji işin müasir tələblərə uyğun təşkilinin və partiyadaxili əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonda qurultayın prioritetlərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.






