Bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 72-ci ildönümü tamam olub.
BAKU.NEWS xəbər verir ki, bu münasibətlə bugün I Fəxri xiyabanda şairin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Mərasimdə şairin ailə üzvləri, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrətilə üzə çıxdı.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.










