Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz rayonunda fəaliyyət gösətərən Toxum Emalı Zavodu mövsum ərzində fermerlərə operativ xidmət göstərir.
Bu barədə BAKU.NEWS-un bölgə müxbirinə məlumat verən Dövlət Toxum Fondunun sədr müavini Etibar Əmrahov bildirib ki, zavodda ən son texnologiyaya əsaslanan toxum emalı xidməti təşkil edilib. Burada toxum emalı prosesi tam olaraq avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə ki, ilk öncə növbəlilik prinsipinə uyğun olaraq toxum materialı emal üçün qəbul edilir. Bu zaman toxumun nəmliyi və sort qarışığının olub olmaması yoxlanılaraq emal üçün silolara vurulur. Daha sonra toxum materialının emal şərtlərinə uyğunluğu yoxlanılaraq emala verilir. Emal prosesində toxum materialı bir neçə emal prosesindən keçərək sonda səpin üçün tam yararsız olan, rüşeymsiz toxumlardan və alaq otlarının toxumundan tam şəkildə təmizlənərək, səpin üçün yüksək keyfiyyətli toxum əldə etməyə imkan verir. Sonra həmin toxumlar göbələk və zərərvericilərə qarşı dərmanlanaraq qablaşdırılır və etiketlənir. Beləliklə də bol məhsul əldə etmək üçün lazım olan ən vacib işlərdən biri yerinə yetirilmiş olur.
Xaçmaz Toxum Emalı Zavodonun direktoru Etibar Atamov bildirib ki, zavod şimal bölgəsindəki toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır. Zavodda yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal edilir, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçirilib. Zavodda emal ötən ilə nisbətən dahada artıb. Zavodda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər ənənəvi qurğulardan fərqli olaraq 98 % təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 % azdır. Zavodda həyata keçirilən toxum emal həm əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.
Elit Toxum Tingçilik MMC-nin direktoru Qəşəm Həsənov jurnalistlərə açıqlamasında zavodun bölgə fermerləri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, zavoda gətirilən toxum ilk mərhələdə daş qalıqları və iri saman çöplərindən təmizlənir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Xaçmazda fəaliyyət göstərən zavodun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Fermer və toxumçularımızı bu zavoddan yararlanmağa səsləyirik.














