Vətənpərvərlik…On üç hərfdən ibarət bu söz özündə nələri ehtiva etmir ki?… Deməklə,sadalamaqla bitməz. İlk qələm tutub yazdığımız “Ana” və “Vətən” kəlimələri ilə başlanır -Vətənpərvərlik. Dünyaya göz açdığımız doğma od-ocaqdan, el-obadan,məndən, səndən, bizdən başlanır-Vətənpərvərlik.
“Mən” üçün deyil “Biz” üçün düşünməkdir-Vətənpərvərlik. Tək bu gün üçün deyil gələcək üçün yaşamaq,yaratmaqdır-Vətənpərvərlik. Bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıqdır -Vətənpərvərlik. Azərbaycan xalqı, vətənpərvərliyini 1990-cı ilin 20 yanvarında da, Birinci Qarabağ savaşında da ,44 günlük şanlı Qələbəmiz ilə bitən ikinci Qarabağ müharibəsində də yüksək səviyyədə sübut edib. Vətənə tay olmadığını bilənlər,Vətəndən pay verməyənlər, ömürlərini pay veriblər bu Vətəni qorumaq üçün. Əcdadlarımızın bizə əmanəti olan bu Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətəni qorumaq üçün əvvəlcə onu sevmək lazımdır. Vətən torpağının ruhumuzdan,canımızdan,atamızdan,anamızdan öndə gəldiyini dərk etmək lazımdır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlməlidir. Vətən sevgisi insana ana südü ilə verilməlidir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır ki,Vətənə məhəbbət qanımıza, canımıza, ruhumuza hopsun. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, uşaq baxçasında,məktəbdə davam edib,cəmiyyətdə formalaşır. Vətənpərvərlik -vətəndaş tərbiyəsinin əsasını təşkil edir.Vətənpərvərlik-hər bir vətəndaşın vətəninə, millətinə xidməti,əsl insanlıq ləyaqəti ölçülür. İdeya müəllifi və banisi Heydər Əliyev olan azərbaycançılıq milli məfkurəsi ölkəmizin dövlətçilik ideologiyasına çevrilməklə hər bir vətəndaşın həyat yolunu, bu günümüzə və gələcəyə baxışlarını müəyyənləşdirib. Bu milli ideologiyanın əsasını,Vətənə məhəbbət aşılayan vətənçilik ideyası, milli mənsubiyyətlə fəxt etmək, milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə sədaqət, dövlət rəmzlərinə hörmət və ehtiram duyğuları təşkil edir. Ulu öndər Heydər Əliyev deyirdi ki,Vətənpərvərlik sadəcə, orduda xidmət etmək deyil. Vətənpərvərlik -Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaqdır. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Ümummilli Lider Heydər Əliyevin vətənpərvərliyi,vətən sevgisi hər kəsə nümunə idi. Azərbaycan xalqı, çoxəsrlik tarixinin şərəfli mərhələsini indi yaşayır.
Bu şərəfi bizə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu, mənfur qonşularımızın 30 il əsarətdə saxladığı Qarabağı azad etməklə yaşatdı.Zəfərlə bitən 44 günlük Vətən müharibəsi milli çağdaş tariximizdə yeni şanlı səhifə açdı. 44 gün ərzində uşaqdan böyüyə hər kəs Prezident İlham Əliyevin ətrafında sıx birləşərək,mübarizəyə hazır vəziyyətdə, Ali Baş Komandanın əmrini gözlədi.Bütün xalqımız “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir” – deyən Ali Baş Komandanın ətrafında səfərbər oldu. Bütün bunlar əsl vətənpərvərlik nümunəsi idi. Ali Baş Komandan siyasi iradəsi,düzgün strategiyası,idarəetmə bacarığı ilə Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərin nikbinliyi, özünə inamı qayıtdı. “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər” fikirlərini tez-tez səsləndirən Prezident İlham Əliyev, Vətəni bütövləşdirərək Vətən olmağı bacardı. Vətəni həmişə, hər yerdə, bütün dəyərləri ilə sevən Ali Baş Komandanın Vətənə olan tükənməyən sevgisi bizi parlaq Qələbəyə apardı. Bu Qələbə, həm də igid oğulların Vətən, yurd sevgisinin Qələbəsi oldu. Həmin oğullar ki, müstəqilliyimizlə yaşıd idilər və müstəqillik illərində əsl vətənpərvər kimi yetişmişdilər. Deyirlər,bir ölkənin, bir xalqın tarixini, həm də mərdliyin, igidliyin zirvəsinə yüksələn qəhrəmanlar yazır.İkinci Qarabağ müharibəsinin taleyini də Azərbaycanın vətənvərpər övladları yazdı.Əbədi,əzəli dədə-baba torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün geriyə baxmadan oda-alova atıldılar.
4 minə yaxın şəhidimiz əbədi namus,ar olan Vətənimizin əlimizdən ürkək quş kimi uçub getməsinə imkan verməyib Vətəni əldən buraxmadılar. Silahı əlindəki mikrafonu,çiynindəki kamerası olan şəhid həmkarlarımız Sirac Abışov və Məhərrəm İbrahimov işğaldan azad olunan torpaqlarımızda səkkiz ay dayanmadan qarış-qarış, kadr-kadr addımladılar. İşğaldan azad olunan torpaqlarımıza 50 milyonluq xalqın gözü ilə baxan Sirac, o kadrları bir milyon məcburi köckünün hissini yaşayaraq çəkdi.Belə bir məsuliyyətli işin onlara həvalə olunmasının qürurunu yaşayn Məhərrəm isə gördüklərini hər xırda detalına qədər qələmə aldı.Hər ikisi əllərində silah döyüşməyə də hazır ikən qismətlərinə Vətənə belə xidmət etmək düşdü.Onlar qəhrəmanlıqları ilə mənəvi dəyərlərimiz olan Vətən, torpaq, yurd sevgisinin hər sevgidən uca olduğunu sübut etdilər. Vətəni sevməyin az olduğunu bilib onu həm də qorudular. Vətənin oldular, Vətənə qurban getdilər…
Aytən Abdulova
Yazı,Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz:vətənpərvərlik” adlı müsabiqəyə təqdim edilir


