Azərbaycanda sənədsiz mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı daşınmaz əmlak bazarında aktual problemlərdən biri olaraq qalır.
Belə evlərin nisbətən ucuz qiymətə təklif olunması bəzi alıcıları cəlb etsə də, onların hüquqi statusu və gələcəkdə mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı risklər mövcuddur. Bəs sənədsiz əmlakın qiymətinin aşağı olmasına hansı amillər təsir edir və bu cür evlərin alqı-satqısı vətəndaşlar üçün hansı maliyyə riskləri yaradır?
Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Proxima Group”un direktoru Orxan Əli bildirib ki, daşınmaz əmlakın qiymətinə ərazinin infrastrukturu, nəqliyyat əlçatanlığı, tikilinin keyfiyyəti, sahəsi, təmir vəziyyəti və bazarda həmin əmlaka olan tələb ciddi təsir göstərir. Sənədsiz evlərdə isə bu amillərə əlavə olaraq hüquqi risk də qiymətləndirməyə daxil olur.

“Məsələn, eyni ərazidə yerləşən, sahəsi və vəziyyəti oxşar olan iki evdən birinin çıxarışının olması, digərinin isə hüquqi statusunun qeyri-müəyyən qalması onların qiymətində fərq yarada bilər. Çünki alıcı çıxarışı olmayan əmlakı əldə edərkən təkcə ev almır, eyni zamanda onun sənədləşdirilməsi və gələcəkdə hüquqlarının qorunması ilə bağlı müəyyən riskləri də üzərinə götürür”.
Orxan Əlinin sözlərinə görə, bu baxımdan sənədsiz evlərin ucuz təklif olunmasını onların mütləq şəkildə keyfiyyətsiz və ya real dəyərindən aşağı olması kimi qəbul etmək doğru deyil.
“Elə əmlaklar var ki, yerləşmə, sahə və tikinti baxımından bazarda rəqabətqabiliyyətlidir. Lakin hüquqi sənədlərin olmaması həmin üstünlüklərin qiymətdə tam əksini tapmasına mane olur. Yəni bəzi hallarda qiymət fərqini yaradan evin özü deyil, onunla birlikdə alıcının üzərinə götürdüyü hüquqi qeyri-müəyyənlikdir”.
AQC rəsmisi diqqətə çatdırıb ki, bütün sənədsiz evlər eyni hüquqi vəziyyətdə deyil.
“Bəzi əmlaklarda qeydiyyat üçün hüquqi əsaslar mövcud olur, sadəcə sənədləşmə prosesi tamamlanmayıb. Digər hallarda isə torpaq sahəsinin təyinatı, tikintinin aparılma əsasları və mülkiyyət hüququnun yaranması ilə bağlı ciddi problemlər ortaya çıxır. Bu səbəbdən yalnız çıxarışın olmamasına əsaslanaraq həmin evin gələcəkdə sənədləşdiriləcəyini və ya bunun heç vaxt mümkün olmayacağını söyləmək düzgün deyil. Hər bir əmlakın vəziyyəti ayrıca hüquqi araşdırma tələb edir”.
Onun fikrincə, sənədsiz əmlakların bazarda müəyyən alıcı kütləsi üçün daha əlçatan qiymət təklif etməsi başadüşüləndir. Lakin bu seqmentin geniş yayılması bazarda qiymətlərin düzgün müqayisəsinə də təsir göstərir.
“Çünki elanlarda eyni ərazi və oxşar sahə üzrə təqdim olunan evlərin qiymətləri müqayisə edilsə də, onların hüquqi təminatı çox vaxt eyni olmur. Nəticədə alıcı yalnız qiymətə əsaslanaraq seçim etdikdə əmlakın real bazar dəyərini və gələcəkdə satış imkanlarını düzgün qiymətləndirməyə bilər”.
Orxan Əli bildirib ki, vətəndaşlar üçün əsas maliyyə riski ucuz qiymətə aldıqları əmlakın sonradan gözlənilən hüquqi təminatı verməməsidir.
“Çıxarışın olmaması əmlakın başqa şəxsə satılmasını, ipoteka ilə bağlı imkanlardan istifadəni və mülkiyyət hüququnun müdafiəsini çətinləşdirə bilər. Əgər sənədləşmə ilə bağlı maneələr varsa, alıcı əlavə hüquqi və inzibati xərclərlə qarşılaşa, uzun müddət nəticə əldə edə bilməyə bilər. Daha ciddi hallarda isə əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmaya bilər. Belə vəziyyətdə ilkin alış zamanı daha ucuz qiymətə görə əldə edildiyi düşünülən üstünlük sonradan maliyyə itkisinə çevrilir”.
AQC rəsmisinin sözlərinə görə, bu məsələdə alıcının diqqət yetirməli olduğu əsas məqam evin yalnız faktiki mövcudluğu deyil, onun hansı hüquqi əsaslarla tikilməsi və satılmasıdır.
“Əmlak alınmazdan əvvəl təqdim olunan sənədlərin hüquqi qüvvəsi, torpaq sahəsinin təyinatı, tikilinin statusu və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması imkanları araşdırılmalıdır. Kommunal xidmətlərdən istifadə edilməsi və ya evdə uzun müddət yaşayışın olması həmin əmlak üzərində mülkiyyət hüququnun avtomatik təsdiqi hesab edilmir. Odur ki, daşınmaz əmlak alarkən onun bugünkü qiyməti ilə yanaşı, gələcəkdə həmin əmlak üzərində hüquqların nə dərəcədə təmin olunacağı da nəzərə alınmalıdır”.


