Qazaxıstan Prezidenti Kasım-Jomar Tokayev “Həzrət Sultan” məscidində yanvar hadisələrində həlak olanların xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı çıxışında xatirə duasını oxuduqdan sonra Qazaxıstan xalqının başına gətirilən ağır sınaqları qeyd edib: “Faciəli hadisələrdən 40 gün keçir. Qurbanların xatirəsini dua ilə yad etmək üçün məscidə gəldim. Bir daha həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Dövlət sizi bəlalarla tək qoymayacaq. Mən əvəzolunmaz itkilərə məruz qalmış ailələrə maddi yardım göstərilməsini tapşırdım”.
Tokayev əmin edib ki, gələcəkdə belə faciənin qarşısını almaq üçün hər şey ediləcək: “Biz xalqımızın birliyinin və harmoniyasının pozulmasına imkan verməyəcəyik. Bu, təkcə dövlətin deyil, bütün vətəndaşların ümumi borcudur. Belə faciə bir daha təkrarlanmamalıdır!”
Sonda Qazaxıstan Prezidenti Qazaxıstan xalqına dözüm və əmin-amanlıq, ölkəyə isə sülh və firavanlıq arzulayıb. O, həmçinin həmvətənləri gənc nəslin rifahı naminə ümumi səylərlə Yeni Qazaxıstanı qurmağa çağırıb.


