Göyöskürək – tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyidir. Ən xarakterik əlaməti paroksizmal spazmodik öskürəkdir. 2 yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. İnkubasiya dövrü 7-14 gündür. İnfeksiya hava-damcı yolu ilə ötürülür. Uşaq xəstəliyin 1-ci günündən 25-ci gününə qədər yoluxucudur.
Öskürək tutmaları qusma ilə nəticələnə bilər. Xəstəliyin ən çox rast gəlinən ağırlaşması pnevmoniyadır. Xəstənin yaşı nə qədər azdırsa, ağırlaşmalar riski bir o qədər yüksəkdir. Bundan başqa uşaqlarda tutma fonunda qıcolmalar, göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüs dayanması təhlükəli fəsadlardan hesab olunur.
Göyöskürəyin yeganə profilaktikası vaxtında uşağa xəstəliyə qarşı peyvəndin vurulmasıdır.
Tetanus – bakteriyanın ifraz etdiyi toksinlə (zəhərli maddə) törədilən, ağrılı əzələ spazmı ilə müşahidə olunan və ölümə səbəb ola bilən xəstəlikdir.
Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, tetanusdan sağalma müddəti bəzən aylarla çəkə bilər. Xəstəlik aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
– Qırtlaq spazmı,
– Sümüklərin sınması,
– Ağciyər trombozu,
– Pnevmoniya,
– Nəfəsalmada çətinlik,
– Ölüm.
Tetanusun əlamətləri bunlardır:
– Çənə spazmı və bütün bədən əzələlərinin ağrılı spazmı,
– Qəfil baş verən ağrılı əzələ yığılması,
– Udqunma problemi,
– Qıcolmalar,
– Başağrısı,
– Qızdırma, tərləmə,
– Qan təzyiqi və ürək ritminin pozulması.
Tetanus insandan insana keçmir. Bu bakteriyalar, əsasən, torpaqda, tozda, peyində olur və insanın zəhərlənmiş dərisi ilə (kəsiklər, yaralar, yanıqlar, donma, heyvan dişləməsi) təmasda olduqda ötürülür.
Difteriya – həyat üçün təhlükəli olan kəskin-infeksion xəstəlikdir. Xəstəlik burun tutulması, udqunma zamanı ağrı, gözün zədələnməsi və s. əlamətlərlə özünü büruzə verir. Əsas təhlükə bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu toksinlər ürək-damar və sinir sistemini zədələyir.
Xəstəlik hava damcı və məişət yolu (əşyalar) ilə yoluxur. Xəstəlik daha çox 3-7 yaş arası uşaqlarda müşahidə olunur, inkubasiya dövrü 2-10 gündür.
Difteriyanın ilkin əlamətləri yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür.
Xəstəliyin ağır forması toksik difteriya adlanır. Bu zaman temperatur 39.05 dərəcədən yuxarı olur, xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin vəziyyəti tədricən pisləşir, səsi dəyişir.
Xəstəlikdən qorunmağın və ağırlaşmalarının qarşısının alınması üçün ən effektiv vasitə peyvənd olunmaqdır.
Ü.Abdullayeva


