“Təhsil hər bir dövlətin,ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”
“Təhsil millətin gələcəyidir”-deyən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsilin inkişafı hər zaman prioritet olub.Çünki Ulu Öndər bilirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz.Təhsilin,hər bir dövlətin,ölkənin,
cəmiyyətin həyat-fəaliyyətinin mühüm bir sahəsi olduğunu qəbul edən dahi rəhbər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşırdı.Onun tapşırığı ilə həyata keçirilən,təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edən islahatlar buna əyani sübutdur.Heydər Əliyev təhsil islahatlarına hələ ötən əsrin 70-ci illərində başlamışdı.Elə o islahatlarla da ölkədə təhsilin gələcək inkişafına zəmin yarandı.Ümummilli Liderin 1972-ci ildə gənclərin ümumi orta təhsilə keçidininin başa çatdırılması və ümumtəhsil məktəblərinin daha da inkişaf etdirilməsi,1973-cü ildə isə kənd ümumtəhsil məktəblərində iş şəraitini daha da yaxşılaşdırılması haqqında qərarlarının icrası nəticəsində ölkədə orta məktəb şəbəkəsi genişləndirildi,əsaslı keyfiyyət əldə olunmasına imkan yarandı.Onun hakmiyyəti illərində məktəblərin dərsliklərlə təminatı problemi həllini tapdı və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.Heydər Əliyevin təhsilə xüsusi diqqət-qayğısı məktəb tikintisində də özünü göstərirdi.1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci il ilə müqayisədə üç dəfədən çox artaraq 2117-yə,1982-ci ildə isə 4267-yə çatdı.1970-1980-ci illərdə Azərbaycanda 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi. Bu say 1946-1970-ci illərdəki müvafiq göstəricilərdən iki dəfə çox idi.Şagirdlərin sayında da artım qeydə alındı.Əgər 1970-ci ildə şagird sayı 368 min idisə 1980-ci ildə artıq bu say 710 minə yüksəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayında da artım baş verdi.1965-ci illə müqayisədə peşə məktəblərinin sayı 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı.Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi.54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.Heydər Əliyevin hədəfində milli kadr potensialının gücləndirilməsi də var idi.O bunun üçün əvvəlcə ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərə başladı.1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı.Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Heydər Əliyev Azərbaycanda ali məktəblərin sayının artması üçün əlindən gələni etməklə yanaşı ölkə hüdudlarından kənarda təhsil almaq istəyənlərə də dəstək olurdu.Məhz Ulu Öndərin təşəbbüsü və himayəsi sayəsində gənclər 1970-ci ildən başlayaraq SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi.Ümummilli Liderin bu qayğısı nəticəsində 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Heydər Əliyev tez-tez azərbaycanlı tələbələrlə görüşərək onların problemlərinin həlli üçün bütün imkanları səfərbər edirdi.Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.Elə bu amil də Azərbaycanda milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.Ölkədə hərbi kadr hazırlığının bünövrəsi də məhz Heydər Əliyevin rəhbərliyi illərində qoyuldu.Ulu öndəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlığı və hərbi məktəblərə cəlbi idi. Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı.Bu məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.Elə o vaxtdan başlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Lisey, milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rol oynadı.
“Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir”
1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev, Azərbaycana rəhbərliyinin ikinci dövründə də təhsilin inkişafına xüsusi diqqət yetirirdi.Baxmayaraq ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımız ata-baba yurdlarından deportasiya olunmuşdu.Qarabağın dağlıq hissəsinin işğal edilməsi bir milyondan çox azərbaycanlını məcburi köçkünə çevirmişdi.Əlbəttə ki,bütün bunlar Azərbaycan təhsili üçün əlavə çətinliklər yaradırdı.Ölkənin ağır sınaqlardan keçdiyi bir zamanda yenidən rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemlərin həllinə nail olmaqla yanaşı,təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı.1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi,planlı işlərin əsası qoyuldu.Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alırdısa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası da yaxşılaşdırıldı.200 yeni məktəb binası tikilərək istifadəyə verildi.Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi.İstedadlı uşaqların qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə təşkil olunan 30-a yaxın lisey və gimnaziyaya 12 minə yaxın şagird cəlb olundu. Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi istiqamətində də mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı.“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi.Həmin proqram təhsilin gələcək inkişaf strategiyasını müəyyənləşdirilməklə yanaşı mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında da əsaslı islahatların aparılmasını nəzərdə tuturdu.“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə çatdırılmasında böyük rol oynayıb.Heydər Əliyevin Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə,mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə də diqqət artırılıb. Heydər Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə,maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb,mövcud problemlərin aradan qaldırılmasında müstəsna rol oynayıb. Heydər Əliyevin tapşırığı ilə gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülüb. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir.
“Müəllimlik sənəti şərəfli bir sənətdir”
Ulu Öndər müəllimi də müəllim əməyini də çox yüksək qiymətləndirirdi. Deyirdi ki, mən dünyada müəllimdən şərəfli ad tanımıram,bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Elə ona görə də Heydər Əliyev təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması üçün nə lazımdırsa edirdi. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması,onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək dəyərin sübutudur.Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu gün Ümummilli Lider irsinə sadiqliyini bütün sahələrdə olduğu kimi Azərbaycan təhsilinin inkişafına göstərdiyi xüsusi diqqət-qayğı ilə də bir daha nümayiş etdirir.
Müəllif: Zəminə Abdulzadə
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ingilis dili müəllimi


