Xocalı soyqırımından 31 il ötür…
XX əsrin ən dəhşətli faciəsi, Xocalı soyqırımından 31 il ötür… O qanlı gecədə dinc əhaliyə qarşı törədilmiş qətliamı, nə qocasına, nə qadınlara, nə də körpələrə aman vermədən xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirilməsini, təhqirlərə məruz qalmasını heç vaxt unutmayacaq, unutdurmayacağıq…
Ermənistanın hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş Xocalı soyqırımı ağlasığmaz vəhşiliklə həyata keçirilib. Soyqırım zamanı 613 nəfər ödürülüb, 1000 nəfərə yaxın dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb və onların 150-sinin taleyi indiyədək məlum deyil.
İnsanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi dünya tarixində görünməmiş bir genosid aktıdır. Bütün dünya ölkələri bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilib və soyqırımın günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Millət vəkili
Jalə Əhmədova


