“Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub”.
Bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldakı 225 saylı orta məktəbdə jurnalistlərin hücuma məruz qalması ilə bağlı yaydığı açıqlamada bildirilib.
“Belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Eyni zamanda jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.
Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək”, – açıqlamada vurğulanıb.
TREND
- YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
- “Paşa Sığorta”nın istiqraz portfelində ciddi azalma – 43 milyon manat “əriyib”
- Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı
- YAP Hacıqabul rayon təşkilatında yeni strateji hədəflərin icrası müzakirə olunub
- “Kristal”ın sahibləri nə qədər qazanır? – RƏQƏMLƏR
- Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib
- “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub


