1. Getdiyimiz yerin fərqində olmalıyıq və hikkəmizi, eqomuzu, özümüzdən razılığımızı (varsa əlbəttə ki) sıfra endirib mühitlə uyğunlaşmalıyıq. Çünki ekoturizm kəndə iqtisadi cəhətdən lazımdırsa, şəhər camaatına mənəvi cəhətdən çox gərəkdir. Bu səbəbdən Qərbdə ekoturizm bizdən fərqli, tam gerçək anlamında yaşanmaqdadır.
2. Getdiyimiz kəndlərin, təbiətin qayğısına qalmalı və özümüzdən sonra istirahətimizin fəsadlarını yığışdırmalıyıq. Belə ki, 2021-ci ilin martında Sıma ilk səfərimdə məşhur şəlalənin ətrafı nə qədər təmiz idisə, zamanla ayrı eybəcər fəsadlar müşahidə edilməyə başlandı. Bununla bir yeri təbliğ etməkdə peşmançılıq yaranır. O zibili utanıb çəkib paylaşmıram ki, səhifəni xaricilər də izləyir. Ayıbdır. Amma ayıbı özümüz də başa düşək.
Təbiətin qayğısına qalaq ki, bizə qalan yenə o təbiət olacaq.
3. Getdiyimiz yerin gözəlliyindən zövq aldıqdan və mənəvi dirçəliş yaşadıqdan sonra qarşı tərəfə də gözəllik yaşatmalıyıq. Bu isə az bir az onların hansısa problemi varsa, işıqlandırmaqdır. Demaqoqluq etməklə yox, incə bir şəkildə problemi göstərməkdir. Ki, həmin məsələyə diqqət çəkək və problemin həll olunmasına kömək edək.
Məsələn, 3 ildir Azercell-lə “vuruşurdum”. Mənə “operatoru dəyişin” deyirdilər. Lakin mən yanmalıydım ki, aydınlığa çıxaq, Nazim Hikmət demiş. Bu səfər Sım kəndində şəbəkə çox yaxşı işləyirdi ki, pisi deyəndə yaxşını da demək lazımdır
4. “Kaş sizin kimi gəzə bilək” dediyinizdə əslində eyni yerə gedirik çox zaman, lakin təkcə bir destinasiyaya dəyib çıxırsınız. Baxış və istək bucağınızı genişləndirmək, “başqa nəyə baxa bilərik?” deyib ya araşdırmaq, ya da yerində soruşmaqda fayda var. Və ən əsası, tələsməmək.
Səyyah bloger İradə Qədirova





















