Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun əsassız iddialarına cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi Bakının oktyabrın 13-də Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pislədiyini bildirib.
“Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.
Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir”.
Həmçinin bildirilib ki, demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.
“Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq”.
TREND
- Azərbaycanda yeni lombard şirkəti təsis edilib
- AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
- Hakan Fidan sabah Bakıya gəlir
- Azərbaycanda 9 ayda “yaşıl enerji” istehsalı 4,2 milyard kVt·st təşkil edib
- BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
- Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb
- Azərbaycan–Kamboca münasibətləri: siyasi dialoq və beynəlxalq əməkdaşlığın yeni mərhələsi
- Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək


