Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 301 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş növbəti tədbirdə – Xalq yazıçısı Ənvər Məmmədxanlının 110 illik yubileyinə həsr edilmiş “Qələmində tarix danışan sənətkar” adlı tədbirdə çıxış edib.
Öncə, Ümummilli lider Heydər Əliyevin, məktəbə adı verilmiş şəhid Milli Qəhrəman Seymur Məmmədovun timsalında bütün şəhidlərimizin, anadan olmasının 110-cu ildönümü qeyd olunan Xalq yazıçısı Ənvər Məmmədxanlının və qardaş Türkiyədə fevral ayında baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Qonaqları salamlayan məktəbin direktoru Sevda Sarıyeva bu təhsil ocağının keçmişi, uğurları haqqında yığıcam bilgi verib: “301 saylı tam orta məktəb 1994-cü ildən Bakı Dəmiryolları Stansiyasının tabeliyində, şəhid Seymur Məmmədovun adını daşıyan 6 saylı məktəb olaraq fəaliyyətə başlayıb. İlk illərdə məktəbdə tədris 1 korpusdan ibarət, üçnövbəli şəkildə, 150 nəfər şagirdlə aparılıb. Bina ikinci dünya müharibəsindən öncə almanlar tərəfindən inşa edilib. Məktəb 2001- ci ildən Təhsil Nazirliyinin balansına daxil edilib və Nazirliyin göstərişi ilə 2006-cı ildə yeni 3 qatlı, 24 sinif otağından ibarət korpus tikilib. Bundan sonra məktəb 2 növbəli iş rejimi ilə fəaliyyətini davam etdirməkdədir. Hazırda 926 şagirdin təhsil aldığı məktəbimizdə ümumilikdə 32 sinif otağı və 3 fənn laboratoriyası var.
“Heydər Əliyev İli” ilə bağlı məktəblilərə növbəti kitab bağışı aksiyasını və Xalq yazıçısı Ənvər Məmmədxanlının 110 illik yubiley tədbirini bizim məktəbdə təşkil etdiyiniz üçün sizə təşəkkür edirik. Şagirdlərimizin onlara bağışlanacaq kitabları oxuyacağına, ümumən sizlərin və öz müəllimlərinin güvənini doğruldacağına inanıram. Bugünkü görüş, anlamlı tədbir və aksiya məktəbimizin ən yeni dönəm tarixində gözəl bir gün kimi qalacaq. Bir daha xoş gəlmisiniz”.
Qənirə Paşayeva şəhid Milli Qəhrəman Seymur Qəhrəman oğlu Məmmədovun (18.09.1971, Füzuli – 01.04.1992, Məlikcanlı, Xocavənd) adını daşıyan və doğruldan məktəbi ziyarətindən, burada yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış etməkdən şad olduğunu bildirib.
“Heydər Əliyev İli”ndə təşkil olunan silsilə kitab bağışı aksiyasının və yubileyi bu il qeyd olunan sənətkarların xatirəsinə həsr olunmuş tədbirlərin önəmini vurğulayan Komitə sədri, belə tədbirlərin gələcəyimiz olan məktəbliləri yaxından tanımaq baxımından əlamətdar olduğunu deyib.
“Ulu öndərimiz Heydər Əliyev həmişə tarixə, mədəni irsimizə böyük həssaslıqla, diqqət və qayğı ilə yanaşıb. Bizim məktəblərdə keçirdiyimiz görüşlər, kitab bağışı aksiyaları da xalqımızın dəyərlərinə və o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış Ümummilli liderimizin ruhuna ehtiramın bir ifadəsidir. Üçüncü ayını yaşadığımız bu təqvim ili ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu şərəfli adlandırma bizlərin də üzərinə mənəvi məsuliyyət qoyur. Çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini Zəfər qazanmış şanlı ölkənin qürurlu vətəndaşları kimi qeyd edirik.
Bugünkü tədbirin önəmini bir daha vurğulayarkən, onu da deməliyəm ki, “Heydər Əliyev İli”ndə məhz kitab bağışı aksiyasının təşkili, məktəblilərlə, müəllimlərlə görüşlərin keçirilməsi bizimçün bir könül işi dəyərindədir.
Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına çox böyük önəm verən, qayğı ilə yanaşan Ulu öndərimiz ədəbi irsə, ədəbiyyatımıza, kitaba, kitabxanaya, oxuya, maarifçiliyə hər zaman özəl diqqət yetirirdi. Heydər Əliyev kitabı mənəvi zənginliyin, elmlərə yiyələnməyin önəmli açarı kimi dəyərləndirirdi. O böyük şəxsiyyət həyatda mükəmməl insan kimi yetişməyin yeganə yolunun kitabdan keçdiyini vurğulayırdı. Azərbaycan Prezidentinin “Heydər Əliyev İli” ilə bağlı Sərəncamında da çox dəqiq vurğulandığı kimi, Ulu öndərin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini kamil şəkildə tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Azərbaycanı Ulu öndərimiz kimi sevməyi öyrənmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etmək indiki və gələcək nəsillərin üzərinə düşən mənəvi öhdəlikdir”.
Çıxışına davam edən Q.Paşayeva deyib:
“Bəli, biz Ümummilli liderimizin ədəbi-mədəni irsimizə verdiyi dəyərdən, minnətdarlıq duyğusu ilə, danışır, onun mədəni irsə böyük ehtiramını özümüzçün örnək alırıq. Çox sağ olun ki, anadan olmasının 110-cu ildönümü bu günlərdə tamam olmuş Xalq yazıçımız Ənvər Məmmədxanlının xatirəsinə “Qələmində tarix danışan sənətkar” adlı gözəl, məzmunlu tədbir təşkil etmişiniz. Yazıçı, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı (29.02.1913–19.12.1990) XX yüzil Azərbaycan ədəbiyyatında lirik-psixoloji nəsr ustası kimi tanınır. Təsadüfi deyil ki, ona nəsrimizin şairi deyirdilər.
Onun “Bakı gecələri”, “Buz heykəl”, “Karvan dayandı”, “Boyunbağı”, “Əfsanəli dağlar”, “Qaralmış Günəş” hekayə və novellaları öz dövründə ən çox oxunan hekayələr, novellalar olub.
Ənvər Məmmədxanlı ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri bir çox xarici dillə tərcümə olunub. Onun ikinci Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə zamanın, günün təxirəsalınmaz tələbləri, adamların amalı canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib. Yazıçının “Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş”, “Ananın ölümü”, “Ulduz”, “Od içində” pyesləri və “Şirvan gözəli” lirik komediyası tamaşaya qoyulub.
Yazıçını “nəsrimizin şairi” adlandıran professor Abbas Zamanov yazırdı: “Ənvər Məmmədxanlının yaradıcılığından söz açanda, əlbəttə, söhbəti onun hekayələrindən başlamaq lazımdır. Çünki Ənvər ədəbiyyatımızın tarixinə, hər şeydən əvvəl, klassik hekayə ustası kimi daxil olmuşdur. Neçə illərdir ki, biz Ənvərin lirik, psixoloji-fəlsəfi hekayələrindən ayrıla bilmirik”.
Ənvər Məmmədxanlı həm də mahir kinossenarist idi. O, Mehdi Hüseynlə ortaq “Fətəli Xan” bədii filminin ssenarisini yazıb; bu film indi də sevilə-sevilə baxılır. “Babək” filmi isə Azərbaycan kinosunun ən uğurlu hadisələrindən biri kimi milyonlarla tamaşaçının yaddaşına həkk olunub.
Ədib 1963-cü ildə Əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Xalq yazıçısı fəxri adı, habelə bir sıra orden və medallarla təltif olunub.
Xalq yazıçımızı ehtiramla anırıq. Ruhu şad olsun”!
Komitə sədri daha sonra deyib: “Belə gözəl tədbirə görə, bu anlamlı aksiyanın – məktəblilərə kitab bağışı aksiyasının bütün dəstəkçilərinə, əlbəttə, 301 saylı məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, şəxsən Mehriban xanım Vəliyevaya, kitab bağışına dəstək durmuş ictimai qurumlarımıza və xeyriyyəçi işadamlarımıza könül dolusu təşəkkür edirəm! Komitəmiz və könül dostlarımız oxuya, kitaba xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib, bu, gələcəkdə də belə olacaq.
Çox sağ olun”!
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “UNİTY Companiy”in təsisçisi Fikrət Əliyev çıxış edib, ürək sözlərini bölüşüb.
Məktəbin müəllim və şagirdləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıb. Sonda Milli Məclisin Mədəniyyət Komitəsi və “UNİTY Company”nin dəstəyi ilə 300-dən çox fərqli kitab (o cümlədən tarixi romanlar, ensiklopedik nəşrlər) təhsildə fərqlənən məktəblilərə hədiyyə edilib.


