Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu fermerlərə müraciət edib. Payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.
10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki- buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.
Subsidiya əldə etmək üçün lazım olan bütün sənədlər, o cümlədən aqrar sığorta müqaviləsi, aqrokimyəvi analiz nəticələri qaydasında olarsa monitorinqlərdən sonra fermerlər növbəti ilin ilk aylarında subsidiya ala biləcəklər. Vaxtında və doğru edilmiş bəyan və sığorta fermerlərin vaxtında subsidiya alması deməkdir. Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan fermerlər və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq. Bu tarixdən sonra payızlıq əkinlərin sığorta prosesi də dayandırılacaq
Aqrar Sığorta Fondundan bildirir ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır – əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub – aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır.


