Park Cinema Flame Towers kinoteatrında Azərbaycan istehsalı olan “Obitus” filminin təntənəli qala gecəsi keçirilib.
Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə seçilən ekran əsərinin təqdimatında filmin rejissoru, aktyor heyəti, tanınmış simalar, jurnalistlər və kino həvəskarları iştirak ediblər.
Gecə ərzində qonaqlar yaradıcı heyətlə görüşüb, xatirə şəkilləri çəkdirib və filmi böyük ekranda izləyiblər.
Park Cinema-nın PR meneceri Anar Eyvazovun sözlərinə görə, yerli kino istehsalının inkişafı və Azərbaycan filmlərinin geniş tamaşaçı auditoriyasına çatdırılması kinoteatrlar şəbəkəsi üçün xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan kinosunun inkişafını görmək bizi hər zaman sevindirir. ‘Obitus’ kimi iddialı layihələrin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması olduqca qürurvericidir. Park Cinema olaraq yerli filmlərin tanıdılmasına və yaradıcı heyətlərin tamaşaçılarla görüşməsinə dəstək göstərməkdən məmnunuq”, – deyə Anar Eyvazov bildirib.
Qeyd edək ki, filmin süjeti dağıdıcı seldən sonra ucqar kənddə yayılan naməlum parazitar infeksiya və sağ qalmaq uğrunda mübarizə aparan ata ilə qızın hekayəsindən bəhs edir.
“Obitus” filmi artıq Park Cinema kinoteatrlarında nümayiş olunur.
Biletlər: https://new.parkcinema.az/az/movie/6aeb1e31beadce0d132470d1












