“Bizim muzeylər, xüsusilə də regionlarda olan muzeylər sadəcə eksponat saxlancı yanaşması ilə çalışır”.
BAKU.NEWS xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” konfransında region muzeyləri haqqında danışarkən deyib.
“Təbii ki, istisnalar var. Şamaxı və Sabirabadda yerləşən muzeylərdə belə müsbət nəticələr əldə edilib. Biz gələcəkdə bu təcrübəni digər regionlarda olan muzeylərə də tətbiq edəcəyik. Gələcəkdə çalışacağıq ki, muzeylər rahatlıqla eksponatları əldə edə bilsinlər. Burada maliyyə məsələləri də nəzərə alınmalıdır”, – o vurğulayıb.
Nazir regionlarda fəaliyyət göstərən teatrların fəaliyyətinə də toxunub: “Onların fəaliyyəti bizim istədiyimiz səviyyədə deyil. Təəssüflər olsun ki, hər şey Bakıda cəmləşib. Teatrın inkişafını bu gün prioritet istiqamətlərdən biri kimi görürük. Regionlarda həm dövlət, həm də xalq teatrlarının olmasını istəyirik. Bu məsələ ilə bağlı regionlara səfərlərimiz olacaq”.


